İdman 09:15 31.12.2022

Veteran futbolçu: “Görün “Neftçi” nə gündədir”

Premyer Liqada qış fasiləsi başlayıb. Artıq bir sıra klublar mövsümün fasilədən sonrakı hissəsi üçün hazırlıqlara start verib, transferlər həyata keçirir. Bununla yanaşı hazırda çempionatda ən çox diqqət çəkən iki komanda var. Biri "Qarabağ” və "Sabah”la hələlik ayaqlaşmaqda çətinlik çəkən "Neftçi”dirsə, digəri son vaxtlar ətrafındakı söz-söhbətlərlə gündəmə gələn "Kəpəz”dir. 

Azərbaycanın tanınmış veteran futbolçularından olan Asif Əliyev Premyer Liqanı dəyərləndirib. Gəncədə doğulan, karyerasının xeyli hissəsini isə "Neftçi”də keçirən Əliyev Qaynarinfo-ya müsahibəsində bunları söyləyib.

- Premyer Liqanın fasiləyə qədər olan hissəsinin dəyərləndirərdiniz…

- Oyunlar normaldır. Amma VAR məsələsi hakimlərimizə çətinlik yaradır. Oyunların çox dayanması narazılığa səbəb olur. Çünki çox vaxt aparır. "Sabah”ın oyununda nə qədər fasilə yarandığını gördünüz. Həmin matçın hakimini də cəzalandırdılar. Yəqin öyrənərlər, çünki yenidir. Mən belə başa düşürəm. 

- Karyeranızın xeyli hissəsini sərf etdiyiniz "Neftçi” barədə düşüncələriniz necədir? Premyer Liqada ən çox diqqət mərkəzində olan komandalardandır.

- "Neftçi”yə ürəyim yanır. Oyunları, heyəti məni razı salmır. Komandanın zəif çıxışı mənə təsir edir. Niyə belə olub, başa düşə bilmirəm. Baş məşqçi siz deyən, elə də güclü deyil. Ortabab məşqçidir. Heç gətirdiyi legionerlər də güclü deyil. Məsələn, Patonun orada olması komandaya ziyandır. O cümlədən "11” nömrəli oyunçuları (Qodsvey Donyo - red). "5” nömrəli futbolçunu (Kenni Sayef - red.) da tərifliyirdilər, texnikalı olduğunu deyirdilər. O da elə-belə oyunçudur, vaxtı bitib. Gətiriblər ki, Azərbaycanda başını girləsin. "Neftçi”yə belə futbolçuları kim gətirir, hansı məşqçilər qəbul edir başa düşə bilmirəm. Onlar yeni gələndə, avrokuboklarda oynadılar, hamı təriflədi. Bir də yəqin mövsümün axırında oynayacaqlar ki, komandada qalsınlar. Çox narazıyam. Mən "Neftçi”də canımı qoymuşam, ayaqlarım protezdir, ürəyimdən əməliyyat olunmuşam. Komandanın bu vəziyyəti məni yandırır.

- "Qarabağ”la sonuncu qarşılaşmadan sonra əksəriyyət "Neftçi”nin çempionluq mübarizəsindən qopduğunu düşünür. Siz hansı fikirdəsiniz?

- Hələ görək yer tuta biləcəklər? "Sabah” da gəlib onları keçib. Görün "Neftçi” nə gündədir də. Çempionluğa inam çox azdır. Komandanın bu vəziyyətdə çempion olması üçün, "Qarabağ” bütün oyunlarda uduzmalıdır. Bəlkə ikinci yerə ümid ola bilər. Çox zəifdirlər. "Turan Tovuz”u penaltinin hesabına məğlub etdilər. VAR sağ olsun.

- Bir müddət öncə klubun Müşahidə Şurasında dəyişiklik baş verdi. Şura heyətinin tərkibində futboldan anlayışı olanlardan yalnız Səməd Qurbanov yer alıb. Bu dəyişiklik nəsə vəd edə bilər?

- Bunu SOCAR müəyyənləşdirib. Səməd orada təkdir. Mən Səmədin yanında yer alsam yaxşı olardı. Ona kömək edə bilərdim. Oyunlarda köməyimi əsirgəməzdim. Amma məsləhət görmədilər. "Neftçi”yə azarkeşlik edirəm. Nəvələrim də bu klubun aşağı yaş qruplarında futbol oynayır. Bilirsiniz, futbol başqa, SOCAR-ın işi başqadır. Pis mənada demirəm. Səmimi qəlbdən Səməd müəllimə kömək edə bilərdim, onun yanında olardım. Ölənə kimi "Neftçi”yə qulluq edərdim. 

- Doğulduğunuz Gəncənin təmsilçisi "Kəpəz” ətrafında baş verənlər haqda siz nə düşünürsünüz?

- Tərlan pis məşqçi deyil. Onun haqqında şaiyələr yayırlar ki, futbolçulardan pul alır. Bu düzgün məsələ deyil. Kimi komandadan çıxarırsa, həmin futbolçular onun əleyhinə danışır. Bu təkcə Azərbaycanda belədir. Allah Böyükağa Hacıyevə rəhmət eləsin, onun vaxtında da söz-söhbətlər var idi ki, guya oyunçulardan pul alır. Bu yaxşı hal deyil. Tərlandan küsən kimi başlayırsan nələrsə danışmağa. Tərlan Gəncədə futbolu inkişaf etdirməyə gəlib. Özü-özünün düşməni deyil ki. Futbolçudan pul almaq olar? Hansı zəmanədir ki, oyunçudan pul alıb oynadasan. Gəncədə futbol həmişə yüksək səviyyədə olub. Elə Mehman Allahverdiyevin vaxtında da belə olub. Tərlan gəlib işləməyə, kömək etməyə. Özünüzü yaxşı aparın. Məşqçi görür ki, Raufla Əfran kömək edə bilmir. Ona görə də atıb kənara ki, gedib öz işinizlə məşğul olun, komanda axtarın. Niyə arxasınca "döşəyirsən”?

- Futbolçuların Tərlan Əhmədov haqqında dedikləri nə dərəcədə peşəkarlığa sığır?

- Düzgün deyil. Sən oynayanda Tərlan yaxşı idi, oynamayanda pis oldu? Həm də Tərlan namaz qılan insandır, belə hərəkət edəcəyinə inanmıram. 

- Əhmədov gələndən sonra "Kəpəz”də irəliləyiş var?

- Çox irəliləyiş var. Atmosfer dəyişib. Hər şey yüksək səviyyədədir. Komanda pis təsir bağışlamır. Türkiyədəki təlim-məşq toplanışı zamanı bir neçə səviyyəli oyunçu da transfer etsələr komanda daha yaxşı oynayacaq.

Səbuhi Həsənov