İdman 14:54 27.03.2023

Veteran futbolçu: “İsveç yaralanmış ayı vəziyyətindədir, bizi parçalayacaq”

Millimiz AVRO-2024-ə uğursuz başladı. İlk matçda səfərdə Avstriyanın qonağı olan Canni De Byazinin komandası 1:4 hesablı məğlubiyyətə uğradı. Bu gün təmsilçimiz seçmə mərhələdə növbəti matçına çıxacaq. Komanda səfərdə İsveç millisinin qonağı olacaq.

Azərbaycanın tanınmış veteran futbolçusu Samir Ələkbərov millimizin durumundan danışıb. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında həm keçmiş oyunu dəyərləndirib, həm problemlərdən danşıb, həm də bugünkü matçla bağlı fikirlərini söyləyib:

"Sanki biz ən çətin qrupa düşmüşük. Dünən oyunlara baxırdım. Bəzi qruplar var ki, ora düşsəydik, oynamaq olardı. Qazaxıstan Danimarkanı məğlub etdi. Norveç İspaniyanı udmalı idi. Sona yaxın iki qol buraxdılar. Ancaq elə bil ki, yığmamızı bu qrupa əlləri ilə gətirib qoyublar. Estoniyanı çıxmaq şərtilə digər rəqiblər çox güclüdür. İsveç səfərədə uduzub. Bu gün də xal itirsələr, şansları qalmaya bilər. 5 komanda arasında üçüncü yeri turtsaq, bizim üçün böyük sensasiya olacaq. Avstriyanın heyətində Mixael Qreqoritş vaxtilə bizim U-21-ə qarşı da oynamışdı. Səhv etmirəmsə, həmin oyunda 5 qol vurmuşdular bizə. Nəsil güclənib. Avstriya yaxşı komandadır. İsveçi də çıxmaq olmaz. Belçika, Avstriya və İsveç - ilk üç yer üçün bu komandalar oynayacaq”.

Mütəxəssis Avstriya iə matça qədər 5 oyunluq qələbə seriyasından sonra qapıldığımız eyforiyanın da mənasız olduğunu dedi:

"5 oyunu şüar edib saxlamışıq. Biz kimi udmuşduq? Belarus heç qrupda da yaxşı yer tutmadı. İsveçrə iki gün əvvəl 5 qol vurdu onlara. Yoldaşlıq görüşlərində, Millətlər Liqasında qələbə qazanırıq, amma özümüzü aldadırıq. Sevinirik, bir neçə danışacağıq ki, 5 oyun ardıcıl qələbə qazanmışıq. Əvvəl danışırdıq ki, filan məşqçi 9 xal yığdı. Belə fikirlərlə yaşasaq… Erməniləri gördünüz türklərə qarşı necə oynadılar! Hakan Çalhanoğlu meydanda yox idi. Ermənilər türklərə qarşı çox aqressiv hazırlaşmışdılar. Çünki düşmən hesab etdikləri komandaya qarşı oynayırdılar. Avstriyaya qarşı 20-25 dəqiqə normal oynadılar. Qoldan sonra komanda "söndü”.

Ələkbərov De Byazinin komandada gördüyü işlərə də toxunub:
 


"Əvvəlki məşqçilər nə qoyub getdi ki, bunun da işindən danışım. De Byazi olmasın, 1998-ci ildə Fransanı dünya çempionu edən Eme Jake olsun. İstər-istəməz təhil edəndə içində yanırsan. İnkişaf deyilən şey yoxdur. Höccət Haqverdini misal göstərim. "Neftçi”nin "Turan Tovuz”la oyununda meydançada nə oyun çıxardığını De Byazi görmədi? Axırda baş məşqçi əvəzlədi. "Turan Tovuz”u aşağılamıram, onlar yaxşı komandadır. Haqverdi çox pis təsir bağışladı. Müdafiə xətti çox zəif idi. Mübarizə aparmırdı. Cəfərquliyev "Qarabağ”da yaxşı oynayır. Həmin matçda qırmızı vərəqə almalı idi. Bir sarı vərəqəsi vardı, ikincini görə bilərdi. Ancaq hakim güzəştə getdi, qırmızı vərəqə göstərmədi. Bəxti gətirdi, ona görə də baş məşqçi əvəzlədi. Oyun başlayanda gənc qapıçı səhv ötürmə etdi, bəxti gətirdi ki, topu bizimkilər götürdü. Gördünüz də səviyyə fərqi necə idi, rəqib pressinq edirdi. Rəqib tempi qaldıran kimi, bizimkilər səhv buraxırdı. De Byazi əvvəl komandanı götürəndə "dördlü” müdafiə ilə oynayırdı. Hamı onun üstünə düşürdü ki, taktikanı dəyişsin. Təsadüfən bir dəfə "üçlü”müdafiə ilə oynadı və qələbə qazandı. Ancaq ogünkü matçda hansı taktika ilə oynadığını, nə etdiyini anlamaq olmurdu. Həsənalızadə, Bəhlul və Haqverdi mərkəz müdafiəçidirlər. Guya müdafiə zamanı cinahlar geri qayıtmalı idi. Anlamaq çətindir”.

Veteran futbolçu italiyalı mütəxəssisin işini təhlil etmək istəmədiyini də söyləyib:

"Kiməm ki, onun işi məni qane etsin, ya etməsin. O mənim həmkarımdır. Mən onun səviyyəsinə hələ çatmamışam. Onu təhlil etməyi özüm üçün utanc hissi kimi qəbul edirəm.  Onun üstünə düşməyə ehtiyac yoxdur. De Byazilik deyil. Burda başqa problemlər var, məsələn, uşaq futbolu. Öz yolumuzu tutmasaq, nə italyan, nə alman metodu bizə kömək edər. Bizim də metodumuz olmalıdır”.

İsveçlə oyun haqda sualı mütəxəssis belə cavablandırıb: 

"İsveç, Danimarka, ümumiyyətlə, skandinav dövlətləri eyni sistemlə oynayır. Onları məğlub etmək olar. Təsadüf də mümkündür. Ancaq inanmıram ki, İsveç ilk oyundakı məğlubiyyətdən sonra Azərbaycanı əldə buraxa. İsveç hazırda yaralanmış ayı vəziyyətindədir, bizi parçalayacaqlar. Allah köməyimiz olsun”.

Səbuhi Həsənov