Asif Nərimanlı
Siyasət 11:45 16.11.2022

"Vilayəti-fəqih": İranın rejimi qorumaq naminə şiəliyin məhvi nəzəriyyəsi

Vilayəti-fəqih nəzəriyyəsi, yaxud "fəqihin hakimiyyəti”: ibadət və şəriət hökmlərindən bəhs edən fiqh elmi ilə məşğul olanlara fəqih deyilir və "vilayəti-fəqih” nəzəriyyəsi də dini alimin, ruhaninin siyasi hakimiyyəti, yaxud bu gün İranda mövcud rejimin təməli olan mütləq hakimiyyəti mənasındadır.

Və İran rejimi 200 milyonluq şiə dünyasına məhz "vilayəti-fəqih” nəzəriyyəsinə əsaslanan mütləq hakimiyyət ideologiyası üzərindən nüfuz etməyə çalışır. Nəzəriyyəyə görə, 12-ci imam (Mehdi) qeybdə olduğu üçün müctəhidlər (dini məsələlərdə hökm verənlər) onun naibləridir və bu naiblər Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edə bilərlər.

Ki, bunun şiəliyin təməllərinə zidd olduğu haqda kifayət qədər əsaslar var.

Birincisi, bütün dinlərin ədəbiyyatında mövcud olan Mehdilik fəlsəfəsində siyasi hakimiyyət nəzərdə tutulmur;

İkincisi, "vilayəti-fəqih”, yəni "fəqihin hakimiyyəti” siyasi yox, ruhaniliyi özündə ehtiva edə bilər: bu, daha çox din və şəriət öyrədilməsi mənasındadır;

Üçüncüsü, müctəhidlər dini məsələlərdə hökm verənlərdir və onların siyasi məsələlərdə hökm verməsi qəbul edilməzdir;

İran rejimi isə belə demək mümkünsə, şiə məzhəbinin içindən öz maraqlarına uyğun olaraq "Vilayəti-fəqih” adlı yeni cərəyan icad edib və siyasi hakimiyyətini İslama yamamağa çalışır, bununla təkcə İranda yox, bütün şiə dünyasında "mütləq hakimiyyətini” qəbul etdirmək istəyir.

1979-cu ildə İranda baş verən inqilaba qədər "vilayəti-fəqih” nəzəriyyəsi ortaya atılmışdı. Ruhullah Xomeyni Nəcəfdə dərs deyərkən xüsusilə bu nəzəriyyəni irəli sürür və bununla hakimiyyətə gəlmək planlarını şiə alimləri arasında legitimləşdirməyə çalışırdı. Hərçənd, nəzəriyyənin ideyası Xomeyniyə məxsus deyil.

Nəzəriyyənin əsas baniləri sırasında İrandakı dini inqilabın ideoloqlarından sayılan Hüseynəli Müntəzirinin adı çəkilir. Xomeyni Müntəzirini əsas varisi adlandırırdı, lakin inqilabdan öncə də hər iki şəxs arasında "vilayəti-fəqih” nəzəriyyəsinə dair fikir ayrılığı var idi, xüsusilə "mütləq hakimiyyət” məsələsi üzərində. Müntəziri Xonmeyninin "vilayəti-fəqih” ideyası ilə mütləq hakimiyyəti təmin etməsinə qarşı çıxırdı. Xomeyni hər şeyi tam şəkildə əldə etmək niyyətində idi və inzibati resurslarla qarşı çıxan hər kəsi ya sürgünə, ya ölümün qucağına, ya da dar ağacına göndərdi. Müntəzirinin payına düşən də ömrünün sonuna qədər ev dustaqlığı və təqib oldu.

Çünki o, özünün sistemləşdirdiyi "vilayəti-fəqih”dən imtina etdi, çünki belə olmasını istəmirdi və ömrünün sonuna qədər də İran rejiminin mütləq hakimiyyətinə qarşı çıxdı.

H.Müntəziri deyirdi:

- "Gücə, zülmə, xalqın verilmiş səslərini gizli şəkildə dəyişdirməyə, öldürməyə, qapalı yerdə saxlamağa, həbs etməyə, Stalinist və Orta əsrlərdəki işgəncə metodlarını istifadə etməyə, cəmiyyətin maariflənmiş və elit təbəqələrini saxta səbəblərə görə həbsxanalara atan və orada onları saxta etiraflar etməyə əsaslanan bir rejim lənətlənmiş və qanunsuzdur”;

- "Mən həqiqəti söyləməyi dini vəzifəm hesab edirəm … Qurandan idarəetmə hüququnun insanlara aid olduğu qənaəti çıxır. Dini lider qanun qarşısında başqaları kimidir; qanundan üstün ola bilməz. Sahəsindən kənarda olan işlərdə, məsələn, iqtisadiyyatda və xarici siyasətdə iştirak edə bilməz. Çox təəssüf edirəm ki, İslam cəmiyyətində bu günkü şərtlərdə idarəçilərdən başqa heç kimin bir söz haqqı yoxdur və inqilabın övladlarının həbsxanalara atılmasına təəssüflənirəm”;

Müntəziri belə irəli sürdüyü "vilayəti-fəqih” nəzəriyyəsindən Xomeyninin "Allahlıq” iddiası üçün istifadə edə biləcəyini düşünmürdü.

Ruhullah Xomeyni "mütləq hakimiyyəti”ni təmin etmək naminə Müntəzirinin də dediyi kimi "inqilabın övladlarını” məhv etdi: yüz minlərlə insan həbsə atıldı, on minlərlə insan qətlə yetirildi.

"Müləq hakimiyyəti” zülmə əsaslananan Xomeyninin Kərbəladakı zülmə qarşı çıxan şiələrə rəhbərlik etməsi də, bu gün İrandakı rejimin məhz Xomeyniçilik üzərindən şiə dünyasına nüfuz etmək niyyəti də şiəliyin təməl prinsiplərinə ziddir. Çünki "vilayəti-fəqh” anlayışı ruhaniliyə əsaslanır və şiəliyin təməl prinsiplərində din xadiminin siyasi hakimiyyəti mütləq şəkildə ələ keçirməsi qəbul edilmir. Bu, təkcə şiə məzhəbinin dini ədəbiyyatında yox, həm də böyük şiə alimləri tərəfindən irəli sürülən fikirdir.

Misal üçün, Xomeyninin də müəllimi olmuş, nüfuzundan istifadə edərək, onu Məhəmmədrza Şahın edamından xilas edən Seyid Məhəmmədkazım Şəriətmədari "vilayəti-fəqih” nəzəriyyəsini qəbul etmir, ruhanilərin siyasətə müdaxiləsinə qarşı çıxırdı. Şiə dünyasında kifayət qədər böyük nüfuza malik olan Şəriətmədarinin bu mövqeyi Xomeyninin mütləq hakimiyyət planını laxladırdı və məhz buna görə onu ömrünün sonuna qədər ev dustaqlığına məhkum etdilər. Hətta İran rejimi xərçəngdən əziyyət çəkən Şəriətmədarinin müalicə almasına da imkan vermirdi.

Xomeyniyə - İran rejiminə görə, böyük azərbaycanlı alim Şəriətmədarinin iki "günahı” vardı.

Birincisi, Cənubi Azərbaycanda milli hərəkatı dəstəkləməsi, azərbaycanlıların haqqını müdafiəsi etməsi idi.

Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan "Azerbaycan” jurnalının xüsusi müxbiri 1979-cu ildə - İranda inqilabın baş verdiyi vaxt Şəriətmədaridən müsahibə alır.

Azərbaycanlı alim həmin müsahibəsində müxbirin "Siz Azərbaycana muxtariyyət istəməyi düşünürsünüzmü” sualına cavabında deyirdi:

"...Bizim muxtariyyət istəyimiz məsələsi belədir ki, azlıqda olan milliyyətlər səslərini çıxarmazsa, onları da bu istəyə sürükləməzsə, hər an muxtariyyət istəyə bilərik. Bu, ehtimal daxilindədir. Ərəblər, kürdlər muxtariyyət istəyərlərsə, - ki istəməyə başlayıblar – biz də gözləməyə lüzum görmədən məcburən muxtariyyət və ya Azərbaycan hökuməti istəyəcəyik. Niyə etməsinlər ki? Yoxsa yenəmi şah rejimi var? 17-17,5 milyonluq azərbaycanlı türkün "türküm deməsi”, haqqını istəməsi, qoruması yenəmi suç? Şah türk millətinin dilini, bu vəsilə ilə dinini, örf və adətlərini ortadan götürmək istədi və etdi. Buna etiraz edənlər həbs olundular, işgəncəyə məruz qaldılar. Yenə belə olmasını istəyənlərmi var, yoxsa? İranda yaşayan biz türklərin böyük hissəsi şahın istibdad rejimində məktəbdən, oxuyub-yazmaqdan məhrum edildik. Oxuyub-yazanlar da, təəssüf ki, fars dilində təhsil almışlar. Bu istibdad rejimində təhsil fars dilində verilmişdir. Televiziya, radio, qəzet və bütün digər nəşriyyat fars dilində idi. Türk millətinin, yəni məmləkətdə çoxluqda olan bir millətin meydana gələn hadisələri təqib etməsi bir tərəfdə qalsın, müdafiə etdiyimiz müqəddəs dinimizi belə öyrənə bilmirdik. Bəhmən ayının 29-da Təbrizin türk qəhrəmanları İran inqilabının təməlini atdılar. Onlar vətən uğrunda şəhid olarkən türk idilər, indi irqlərimi dəyişdi, yoxsa? 15 milyon farsın əsarəti altında 60 il qalmaqmı, yoxsa 17,5 milyonluq türk millətinin ədaləti altında yaşamaqmı yaxşı olar? Məsələlərimizi beləcə müzakirə etmək lazımdır”.

İkincisi, "vilayəti-fəqih” nəzəriyyəsinə - Xomeyninin "mütləq hakimiyyətinə” qarşı çıxması idi.

Həmin müsahibədə Şəriətmədari "Ayətullah Xomeyninin görüş və düşüncələri sizcə nədir” sualına cavabında deyirdi:

"Biz onlarla ayrı-ayrı fikirlərə sahibik. Fərqli düşüncələrimiz var. Bu gün bir-birimizdən ayrılmırıqsa, inqilab hərəkatı nəticələnədək birliyi pozmayıb qorumağımıza görədir. İslam Konstitusiyası elan edildikdən sonra hər kəs öz yerini tutacaqdır. Bizim yerimiz isə 17,5 milyon azəri türkünü doğub-böyüdən Təbriz olacaqdır”.

Şəriətmədari azərbaycanlıların hüquqlarını irəli sürür və Xomeyninin "vilayəti-fəqih” nəzəriyyəsini qəbul etmirdi. Çünki böyük azərbaycanlı alim şiəliyi dərindən bilirdi və "mütləq hakimiyyət” iddiasının nə İslamla, nə də onun şiəlik məzhəbi ilə uyğun olmadığını anlayırdı. Bunu anlayan və "vilyəti-fəqihə” qarşı çıxan təkcə Şəriətmədari yox, nüfuzlu şiə alimlərinin hamısı idi.

Əbülqasim Xoyi, Məhəmmədsəid əl-Həkim, Bəşir Nəcəfi, Məhəmməd İshaq Fəyyaz, Vəhid Xorasani, Möhsün Kədivər, Seyid Əli Sistani və digərləri "vilayəti-fəqih” nəzəriyyəsini qəbul etmir, din xadimlərinin siyasi hakimiyyəti mütləq şəkildə ələ almasının ruhanilik fəlsəfəsinə zidd olduğunu dilə gətirirlər.

Və onların hər birinin başına bu və ya digər formada müsibətlər gətirilib.

- Məhəmmədkazım Şəriətmədarini "Xomeyniyə sui-qəsd” iddiası ilə şərlədilər və ömrünün sonuna qədər evinə dustaq etdilər. İran rejimi böyük azərbaycanlını çürüdə-çürüdə öldürdü.

- Əbülqasim Xoyi hələ inqilabdan öncə, Xomeyni Nəcəfdə "vilayəti-fəqih” iddiasına düşəndə qarşı çıxmışdı və ömrünün sonuna qədər bu mövqeyində qaldı, əsərlərində Xomeyninin "mütləq vilayəti-fəqih” prinsipini sübut etmək üçün gətirdiyi bütün dəlilləri alt-üst etdi. İran rejimi Xoyini İraqa sürgün etdi, 1992-ci ilə - ömrünün sonuna qədər Nəcəfdə yaşadı. Bu gün Nəcəfdə Vahid Xorasani də daxil olmaqla böyük müctəhidlərin "vilayəti-fəqih” nəzəriyyəsinə qarşı çıxması da Xoyinin özündən sonra yaratdığı məktəbin davamı hesab edilə bilər.

Seyid Əli Sistani də "vilayəti-fəqih”ə qarşı çıxanlardandır, lakin o, özünü və tələbələrini qorumaq üçün İran rejimi qarşısında daha çox neytral mövqe sərgiləməyə çalışır. Hərçənd, İranın hazırki dini lideri Əli Xamneyi ilə Sistaninin arasında məhz "vilayəti-fəqih” nəzəriyyəsinə görə ciddi fikir ayrılığının olduğu sirr deyil.

Xomeyninin "mütləq vilayəti-fəqih” nəzəriyyəsini qəbul etməyənlərdən biri də bu prinsip əsasında yaradılan "ali dini lider” postundakı Əli Xamneyinin qardaşı Hadi Xamneyidir. Hadi Xamneyi İran rejiminə qarşı çıxan "Mübariz Ruhanilər Cəmiyyətinin (مجمع روحانیون مبارز)” aktiv üzvərindəndir. Bu cəmiyyət də ruhanilərin siyasi hakimiyyətə iddiasına qarşı çıxırlar.

Bütün bunlar təsdiq edir ki, İran rejiminin İslama "xidməti” birbaşa siyasi hakimiyyətin qorunması, din pərdəsi altında maraqlarının təmin edilməsindən ibarətdir. Rejimin İslam adı altında törətdiyi əməllər də İran xalqının gözündə İslamın salınmasına səbəb olur.

Asif Nərimanlı