Xəbər lenti

Dünya 15:59 11.07.2023

Vilnüsdə nələr baş verir və Qərb Türkiyəyə vədlərində nə qədər səmimidir? (MÜSAHİBƏ)

NATO-nun iyulun 11-12-də olacaq Vilnüs sammitində mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Burada İsveçin alyansa üzv olması məsələsi reallaşa bilər. Digər tərəfdən, Ukraynanın alyansa üzvlüyü tam həll olunmasa da, onun üçün də qapıların daha geniş açılacağı istisna deyil. Başqa bir tərəfdən, sammit ərəfəsi Ankara da müəyyən aktivlik nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüs sammitində Ankaranın yeni şərtlər irəli sürəcəyini açıqlayıb. Şərtlərdən biri odur ki, Avropa İttifaqı Türkiyənin tamhüquqlu üzv olması üçün səy göstərəcəyi təqdirdə Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək. Bu arada o da məlum olub ki, Türkiyə hökuməti İsveçin NATO-ya qəbulu prosesini asanlaşdırdıqdan sonra sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması üçün Qərbdən tam dəstək alıb. 

Görəsən, Vilnüsdə hansı yeniliklərin şahidi ola bilərik?

Qaynarinfo-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə öncə NATO sammitindən gözləntilərini açıqladı:

- NATO-nun Vilnüs sammitində üzv dövlətlər indiyə qədər Ukraynaya göstərdikləri hərbi və maliyyə yardımlarını davam etdirmək və genişləndirmək niyyətlərini ortaya qoyacaqlar. Eyni zamanda, söz verəcəklər ki, müharibə bitəndən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə onu quruma üzv qəbul edəcəklər. Nəticədə NATO müqaviləsinin 5-ci bəndi Ukraynaya da şamil ediləcək ki, bundan sonra Rusiya tərəfi ona qarşı hər hansı bir təhlükə törətməsin.
 

 
Müharibə bitmədən Kiyevin NATO-ya qəbulu xam xəyaldır. NATO-nun məqsədi ora üzv dövlətlərin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Belə olan halda, müharibə gedə-gedə qurum Kiyevi üzv qəbul etsə, bütün NATO dövlətləri Rusiya ilə müharibəyə başlamalıdır. Bu isə indiki halda NATO dövlətlərinə lazım deyil. Ona görə də Vilnüs sammitində Ukrayna ilə həmrəylik gücləndiriləcək və müharibə bitəndən sonra onun quruma üzv seçiləcəyini vəd edəcəklər. 
 
- Ərdoğan yenidən seçiləndən sonra atdığı addımlar onun Qərbə doğru sürət götürdüyünü göstərir. O, İsveçin NATO-ya qəbuluna müsbət reaksiya verdi. Türkiyə Prezidentinin Qərbə doğru sürət götürməsinə səbəb nədir, bu nəyə hesablanmış addımdır?

- Türkiyə dövləti və Ərdoğan siyasi lider kimi möhkəmləndikcə, danışıqlar aparanda daha inamla danışır. Heç kimə sirr deyil ki, kürd separatizmini ABŞ, Fransa, Almaniya, İsveç, Finlandiya dəstəkləyir. Onlar insan haqlarını dəstəvuz edib, Türkiyə dövlətini parçalamağa çalışırlar. Ərdoğan isə xalqı qarşısında öhdəlik daşıyan siyasətçi kimi buan yol verməyəcəyini bəyan edir. Belədə də açıq-aşkar informasiya müharibəsinə getmədən, Amerika, Fransa, Almaniya və İsveçə yerinə göstərir. Onların Türkiyəni müttəfiq adlandırdıqları halda, ona qəsd edən qüvvələrə, dövlətlərə də dəstək verdiklərini üzlərinə deyir. Ərdoğan onu da irad tutub ki, Aİ Avropa meyarlarına uyğun olmayan dövlətlər hesabına genişləndiyi halda, bu dəyərlərlə yaşayan, onu tətbiq etmiş, güclü ordu və iqtisadiyyata malik Türkiyəni isə qəbul etmirlər. Ərdoğan bu məsələni Qərbin qarşısında sövdələşmə səviyyəsində belə açıq şəkildə qoyub. Bildirib ki, İsveçin NATO-ya qəbuluna razılıq verməyimizi istəyirsinizsə, Aİ-nin də Türkiyəni qəbul edəcəyi barədə qərar qəbul edin. Türkiyənin Aİ-yə qəbulu fonunda Avropa bundan uduzmayacaq, əksinə udacaq. Ərdoğan son zamanlara qədər nə etməsindən asılı olmayaraq, hər zaman qərbyönümlü olub. Türkiyənin iqtisadiyaytı daha çox Qərbə bağlıdır. Bu mənada da deməzdim ki, hazırda Türkiyənin siyasətində hansısa bir qərbyönümlü dönüş başlayıb. Türkiyə həmişə qərbyönümlü olub. Sadəcə bir qədər Qərblə sərt danışmağa başlayıb. 

- Ankaranın son zamanlar daha çox Qərbin maraqlarına cavab verən addımlar atması Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsinə rəvac verə bilər, ya yox?

-  Bu, baş verməyəcək. Qərb dövlətləri Rusiya ilə ümumiyyətlə danışmaq istəmir. Onunla əlaqə yaradan NATO üzvü kimi yeganə əhəmiyyətli dövlət Türkiyədir. Moskva Ankara ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Bu müstəvidə iki ölkə arasında münasibətlərin korlanacağı gözlənilmir. Beynəlxalq siyasətdə əsas olaraq maraqlar götürülür. 

- NATO sammiti ərəfəsində səslənən fikirlər, İsveçin quruma üzvlüyü, Türkiyənin də Aİ-yə qəbulu kimi məsələlər nəhayət real olacaq, yoxsa, bundan əvvəl cərəyan edən proseslər davam edəcək? Hansı variantın baş tutması daha inandırıcıdır?

- Fikirlərin səsləndirilməsilə nəticənin əldə edilməsi arasında adətən böyük məsafə olur. Həmin məsafəni qət etmək üçün isə zəhmət çəkmək, çalışmaq lazımdır.
 
- Ümumiyyətlə, Qərbi və onun tərəfdaşlarını Vilnüs sammiti öncəsi belə vəziyyətə gəlməyə, yəni bir-birilə münasibətlərdə yumşalmağa getməyə nələr məcbur edib?

- Beynəlxalq münasibətlərdə gerçəklik, güc amili həmişə nəzərə alınır. Dövlətin iqtisadi gücü, həmin dövlətdəki hökumətin xalq arasındakı nüfuzu, ona söykənməsi, beynəlxalq hüquq normalarına cavab verməsi, iqtisadiyyat və ordunun gücü kimi amillər nəzərə alınır. Bu mənada Ankaraya münasibətdə Qərbdə baş verən yumşalma halları da məhz Türkiyə və onun hökumətinin nüfuz və gücünün artması ilə bağlıdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->