Siyasət 18:14 20.07.2022

Xameneinin qalmaqallı sözləri: İran lideri işğal sözündən niyə qorxub? (ŞƏRH)

"Ayətullah Seyid Əli Xamenei qorxusundan işğal ifadəsini işlətməməklə Ermənistanı və onun başlıca havadarlarından olmuş Rusiyanı müdafiə edib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Qarabağın işğaldan azad olunması ilə bağlı yaydığı qeyri-səmimi tvitinə aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, bu tviti ilə İran lideri öz vətəndaşlarının batan qanını da yaddından çıxarıb:

"Daha bir sual: torpaqlar harada idi ki, qaytarılıb? BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bu məsələ açıq-aydın yazılıb. Odur ki, İranın ali liderinin çıxşını hazırlayan mirzələr bu məsələni görməzdən gəliblər. İranın ali rəhbəri əvvəllər olduğu kimi bu dəfə də Qarabağın işğal altında olmadığını dolayı yolla ifadə edib. İşğal dövründə ermənilər Xanəkəndi yaxınlığında İranın 32 vətəndaşını qətlə yetirmişdi. 1994-cü il martın 17-də İran Hərbi Hava Qüvvələrinə məxsus "C-130” təyyarəsini ermənilər Qarabağ ərazisində vurmuşdular. Bu cinayətin üstü indiyədək açılmayıb”. 



Bəs, Xameneinin Qarabağın, müsəlman torpaqların işğaldan azad edilməsi ilə bağlı "fətvası”nın taleyi necə olacaq?
 

Politoloq bildirib ki, bütün dünya Azərbaycanın öz torpaqlarını hərbçilərinin, əsgərlərinin döyüş bacarığı, qanı, Ali Baş komandan İlham Əliyevin qətiyyəti və dost dövlətlərin siyasi-mənəvi dəstəyi ilə azad etdiyini bilir:

"Təəssüf ki, İran hakimiyyəti dəstək verən dost dövlət siyahısında olmadı. Əksinə, ermənilərin və havadarlarının Azərbaycana qarşı aparılan təbliğatına qoşuldu. Onların yazdıqlarını oxumağa başladı. İran rəsmiləri Azərbaycan tərəfdən guya "terrorçuların döyüşdüyünü” deməklə 44 günlük döyüşlərin üzərinə kölgə salmağa çalışdı, şantajla məşğul oldu. Onu da unutmayaq ki, Vətən müharibəsi zamanı Rusiyadan göndərilən hərbi texnika İran vasitəsi ilə Ermənistan ötürüldü. İran Azərbaycan qarşısında "qonşuluq haqqını” belə verir. Xamenei bu paylaşımı ilə regionda yaranmaqda olan əməkdaşlıq və sülh prosesinə də mane olduqlarını bəyan edib”.

Sədrəddin Soltan hesab edir ki, o, İran-Ermənistan sərhədi məsələsindən danışarkən məsələnin konkretləşdirməyib:



"İranla Ermənistan arasında sərhəd Zəngəzurdadır. Azərbaycan tərəfi də region dövlətlərinin, o cümlədən İran və Ermənistanın faydalanması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar aparır. Hətta bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanat da əksini tapıb. Bu baxımdan Azərbaycan nəqliyyat blokadasının aradan qaldırımasının tərəfdarıdır. Başqa sözlə, dəhlizin açılmasına əsas mane Ermənistan sayılırdı. Ancaq Xamenei bu tviti ilə İranın da dəhlizin açılmasının, yaxud başqa nələrinsə önündə əngəl olduğunu göstərdi. İran uzun illər Gorus-Qafan avtomobil yolundan qanunsuz istifadə edib. Başqa sözlə, o yolun Azərbaycana aid hissəsinin hallalığını almayıb. Ərazilərinin işğaldan azad etdikdən sonra torpağının bu hissəsini də nəzarət götürməsi Azərbaycanın təbii və qanuni haqqıdır”.

Politoloq İranın bu yoldan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirkləri ərazidə ermənilərə qanunsuz olaraq mənşəyi bilinməyən yük daşıdığını vurğulayıb:

"Azərbaycan tərəfinin Gorus-Qafan yolundakı öz ərazisinə nəzarət etməsi Xameneinin niyə xoşuna gəlmir? Bəhs etdiyimiz tviti və Tehrandakı qəbullarla İran lideri başçılıq etdiyi hakimiyyətin işğalı və separatçılığı dəstəklədiyini bir daha gizlətmədi. Tehran sammiti region dövlətləri arasında münasibətin güclənməsi və əməkdaşlığın genişlənməsinə, mövcud problemlərin həllinə deyil, yeni maneələrin yaranması istiqamətində atılacaq, atılması ehtimal olunan addımlarla yadda qaldı. Bu görüşün baş qəhrəmanı isə Ayətullah Seyid Əli Xamenedir”.

Qeyd edək ki, iyulun 19-da İranın ali rəhbəri ayətulla Seyid Əli Xameneinin paylaşımı belədir: "Qarabağın Azərbaycana geri qayıtmasını alqışlayırıq. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərinin bloklanması siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik bir nəqliyyat yoludur”.

Bahar Rüstəmli