İdman 18:42 04.11.2023

“Xankəndi”nin baş məşqçisi: “Qazaxıstana uduzmağımız sensasiya idi”

Bir müddət əvvəl yaradılan "Xankəndi” minifutbol klubu hazırlıqlarını davam etdirir. Azərbaycan Minifutbol Assosasiyasının da kluba xüsusi yanaşması onun idialı olacağından və qarşıya böyük məqsədlər qoyulacağından xəbər verir. Hər halda heyətə baxanda bunları hiss etmək mümkündür. Əsas millimizin keçmiş aparıcı üzvlərindən təşkil olunmuş "Xankəndi”nin baş məşqçisi Xətai Bağırov olacaq. 

Eyni zamanda futzal millimizin də üzvü olan Bağırov Qaynarinfo-ya açıqlamasında "Xankəndi” ilə bağlı qarşıdakı planlardan, komandanın durumundan danışdı:

"Heyətimiz demək olar bəllidir. Keşmiş, milli karyerası olan futbolçular dəvət olunub. Artıq məşqlərə başlamışıq. Hazırlaşırıq, məqsəd, ən azından yer tutmaqdır. Maksimum gücümüzü ortaya qoyacağıq. Komandanın yaradılması ideyası Azərbaycan Minifutbol Federasiyası rəhbərliyi tərəfindən irəli sürülüb”.

Xətai məşqlər, ab-hava və qarşıdakı məqsədlər haqda da danışdı:

"Çempionat bizim üçün həm asan, həm də çətin olacaq. Təbii ki, yüksək səviyyəli oyunçular olduğundan, onlara verilən tapşırıqları asanlıqla yerinə yetirəcəklər. Amma nəticə qazanmaq asan olmayacaq. Çünki elə komandalar var ki, çox yaxşı inkişaf edib, minifutbolu yaxşı mənimsəyiblər. Kimdənsə az qaçsaq, təbii ki, çox çətin olacaq. Kiməsə bu şəraiti yaratmamalıyıq, əlimizdən gələni etməliyik. Çalışacağıq ki, futbolçularımızın adına yaraşan nəticələr qazanaq. Özləri də bunu dərk edirlər. Uyğunlaşma baxımından bir qədər çətinliklər var. Ola bilər ki, futbolçularımız karyeralarını bitirib. Amma ötürmə klası, idmançı xarakteri qalıb. Fiziki durumumuz düzəldikdən sonra, fikrimcə, yaxşı nəticələr əldə edəcəyik. Elə bunun üzərində çalışırıq. Həm fiziki, həm taktiki məşqlər keçirik. 

Milli üzvü futzalla minifutbolu müqayisə etdi:

"Bu haqda çox adam sual verir. Arada iki fərq var - stadionun və topun ölçüsü. Böyük futbol topu ilə oynayırlar. Həmçinin futzaldan fərqli olaraq autdan sonra top oyuna əllə daxil edilir. Ancaq əsasən futzal qaydalarında istifadə olunur. Bir də ki, minifutbolda taktika böyük rol oynayır və bu mənada futzala yaxındır”.

Bəs "Xankəndi” ev oyunlarını hansı stadionda keçirməyi planlaşdırır?

"Bu hələ konkretləşməyib. Rəhbərlik tərəfindən tapşırıq verilməyib deyə bu haqda məlumatım yoxdur. Məşqlərimizi "Azfar”ın stadionlarında keçirik. Çempionatın keçiriləcəyi Tennis Akademiyasının stadionundan da maksimum istifadə etməyə çalışırıq. Uyğunlaşma olmalıdır”.

Baş məşqçi komanda üçün büdcə də ayrılacağını söylədi:

"Təbii ki,müəyyən büdcə olacaq. Məncə futbolçulara maaş da veriləcək. Müqavilə varsa, böyük ehtimalla futbolçular əməkhaqqı ilə təmin olunacaq. Mükafatların olub-olmaması haqda isə yarışın başlama və davam etmə müddətində müəyyənləşəcək. Peşəkarlığa doğru getdikcə, məncə bunlar olacaq. Amma hələ ki, konkret bir şey yoxdur”.

Maraqlıdır, qarşıdakı planlara heyətə legioner alınması da daxildir?

"Hazırda əlimizdə olan oyunçuların fiziki durumu düzəldikdən sonra məncə heç bir legionerə ehtiyac olmayacaq. Heç bir əcnəbi hazırda bizim oyunçulardan üstün deyil”.

Bağırov bu işlərin futzal karyerasına təsir edib-etməyəcəyi sualla belə cavab verdi:

"Xeyr, təsir etməyəcək. Mənim məşqlərim günün birinci yarısı olur. Bunları əvvəlcədən planlaşdırmışam və sonra "Xankəndi” ilə bağlı qərar vermişəm. Olmasaydı, öz karyeramı davam etdirəcəkdim. Rəhbərliyin də bundan xəbəri var. İşimə heç bir maneçiliyi yoxdur. Təbii ki, futzaldan uzaqlaşdırılmağımı istədiklərini hiss etsəm, özüm çıxıb gedəcəm. Kiminsə bunu etməsinə ehtiyac qalmayacaq. Hələ ki, futzalda, öz klubumda, millidə hər şey qaydasındadır. Hər zaman kömək etməyə hazıram. "Xankəndi”də keçmiş milli üzvləri ilə birlikdə olduğum üçün xoşbəxtəm”.

O. "Özünüz də "Xankəndi”də futbolçu kimi meydana çıxa bilərsiniz” sualına belə cavab verdi: 

"Xeyr, "Araz-Naxçıvan”la peşəkar müqaviləm var və buna icazəm yoxdur. Çempionlar Liqasında, dünya çempionatında oynayıram. Ona görə də minifutbolda oynaya bilmərəm”.

Futzal millimizin üzvü minifutbol yığmamızın dünya çempionatındakı çıxışına toxundu, yarımfinalda Qazaxıstan millisinə məğlubiyyət haqda fikirlərini bölüşdü:

"Minifutbol yığmamızı izləyirəm. Turnir baçşlamamışdan əvvəl çox rahatlıqla dünya çempionu olacağımızı düşünürdüm. Çünki komandamız o səviyyədədir. Oradakı futbolçuların əksəriyyəti ilə birlikdə oynamışam, dostluq münasibətlərimiz var. Çempionluq gözləyirdim. Şəxsi fikrimdir, deyəsən bizə elə bu rahatçılıq mane oldu. Bu səbəbdən uduzduq. Bütün oyunları izləyirəm, baxdıqca öyrənirəm. 1/4 final mərhələsinə də elə mənim fikrimdə olan komandalar çıxdı. Heç bir sensasiya olmadı. Ancaq millinin uduzmağı istisna. Ümumiyyətlə Qazaxıstana uduzmağımız sensasiya idi. Avropa çempionatında onlara qarşı çətin oyunumuz olmuşdu və 3:2 hesablı qələbə qazanmışdıq. Təəssüf ki, bu dəfə 2:3 uduzduq. Göstərdiyimiz oyuna görə, millimiz dünya çempionu olmağa layiq idi. Hansısa səhvlərimiz oldu, təbii ki, buna baş məşqçi baxıb analiz edəcək. Ancaq Qazaxıstana uduzmamalı idik. Onlar minifutolda heç də bizdən yaxşı inkişaf etməyib. Çünki oyunçularımız rəqiblərdən çox üstündür. hansısa boşluq, səhvlər oldu. Biz Rumıniya kimi rəqibi məğlub edib Avropa çempionu olmuşduq”. 

Xətai "Xankəndi”yə dəvət olunan oyunçuların minifutbol yığmasına da çağırıla biləcəyini söylədi:

"Əlbəttə, milliyə dəvət oluna bilərlər. Hər şey öz əllərindədir. Minifutbol yığmasına hələ toxunmazdan əvvəl deyim ki, əsas olan nəticədir. Diqqət cəlb etməliyik ki, yığmaya dəvət olunsunlar. İnanıram ki, futbolçularımız milliyə düşəcəklər”.

Səbuhi Həsənov