Video 10:25 20.07.2023

“Xəyalların izində...” bu dəfə Lənkəranda (FOTO/VİDEO)

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi "Xəyalların izində...” sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirməyə davam edir. 

Qaynarinfo xəbər verir ki, Goranboydan sonra layihənin ikinci ünvanı Lənkəran şəhəri olub. 

Güvən Xeyriyyə İctimai Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Lənkəran şəhərinin mərkəzində uşaqlarla unudulmaz gün yaşanıb. 

Regionlarda yaşayan uşaqların yay tətilində asudə vaxtlarını səmərəli keçirməsi və paytaxt Bakıda daha çox tanınan əyləncə növlərini yaşamaqları üçün baş tutan layihədə 70-dən çox uşaq iştirak edib. Onların arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin "OBA” marketlər şəbəkəsinin Lənkəran şəhərində yaşayan əməkdaşlarının övladları da yer alıb. 

İlk olaraq uşaqlar animatorlar tərəfindən hazırlanan müxtəlif yarışmalarda iştirak ediblər. Daha sonra hər bir uşağın arzusu olan açıq havada film izlənilib. Azərbaycan dilində dublyaj olunmuş "Kral şir” cizgi filmi uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. 

Film izləyən zaman uşaqların digər bir arzusu da həyata keçirilib. Belə ki, Bakıdan dəvət olunmuş peşəkar aşpazlar tərəfindən onlar üçün səyyar qida maşınında bir-birindən maraqlı fastfudlar hazırlanıb. Uşaqlar iki saata yaxın davam edən film boyunca sevdikləri qidaları yeyə biliblər. 

"OBA” marketlər şəbəkəsindən verilən açıqlamada bildirilib ki, layihənin əsas məqsədi regionlarda yaşayan uşaqların kiçik xəyallarını reallaşdıra bilməkdir: "Təəssüf ki, bəzi regionlarımızda olsa da, bir çox bölgələrimizdə kinoteatr, fastfud və əyləncə məkanları mövcud deyil. Uşaqlar isə hər zaman bu aktivliklərə maraqlıdırlar. Yəqin ki, bu bir çox uşaq üçün əlçatmaz arzu qismindədir. "OBA” marketlər  şəbəkəsi olaraq "Xəyalların izində...” layihəsi ilə onların kiçik arzularını reallaşdırmağa çalışırıq. Layihəmiz yeni tədris ili başlayana qədər davam edəcək”. 

Uşaqlar film izlədikdən sonra onlara "OBA” marketlər şəbəkəsi tərəfindən hazırlanan hədiyyələr təqdim olunub.