Video 23:35 29.01.2023

Yaralılar Bakıya belə gətirildi (FOTO/VİDEO/YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları da Bakıya gətirilib.

Qaynarinfo Qafqazinfo-ya istinadən Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edir:
 
22.32
 
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

"Report"un əməkdaşının verdiyi məlumata görə, şəhidin cənazəsini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında eniş edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
 
21.15
 
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

APA-nın Tehran bürosu xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.
 
16.26

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.