Ekonomiks 11:55 24.03.2023

Yeni Füzuli şəhərinin Baş planı: 1993-lə müqayisədə hansı fərqlər olacaq?

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)

Artıq işğaldan azad olunan rayonların yenidən qurulması, bərpası və inkişafı ilə bağlı Baş planları təsdiqlənib. Bundan əlavə, şəhərlərin necə qurulacağına dair eskizlər ictimaiyyətə təqdim olunub. Məsələn, Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq. Bütövlükdə 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.



Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Şəhərdə çoxmərtəbəli binalar ilə yanaşı az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. 

Bəs, məskunlaşmada və Baş planda əhalinin sosial vəziyyəti, işlə təmin olunması, eləcə də rayonların iqtisadi inkişafının təşviq edilməsi necə yer alıb?

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında işğaldan azad olunan ərazilərdə, xüsusi ilə də Füzuli şəhərinin yenidənqurulmasında sosial-iqtisadi inkişafının təşviq edilməsi prosesinə aydınlıq gətirib. Deputat bildirib ki, Füzuli şəhəri də daxil olmaqla işğaldan azad olunan şəhər və kəndlərimiz "Ağıllı şəhər” və "Ağıllı kənd” konsepsiyasına uyğun olaraq qurulur:



"Şəhərlərin təməlqoyma mərasimində eyni zamanda onların hər birinin baş planları təqdim olunub. Tədim olunan baş planlarda da görsəndiyi kimi söhbət kifayət qədər fərqli şəhər və kəndlərin bərpasından gedir. Yəni, 30 illik işğal müddətində tamamilə dağıdılmış ərazilərimizdə yeni və müasir şəhər və kəndlərin salınması həyata keçiriləcək. Sözsüz ki, Füzuli şəhərində də eyni zamanda şəhərinin sosial iqtisadi inkişafı da nəzərə alınıb. Belə ki, şəhərdə yaradılacaq həm xidmət, həm turizm, həm sənaye və digər sektorlarda yaradılacaq müəssisələrin sayı öncədən bəllidir. Eyni zamanda həmin müəssisələrdə işləyəcək vətəndaşların ilkin sayı belə öncədən nəzərə alınır”.

Deputat hesab edir ki, bu prosesdə məqsəd şəhərdə məskunlaşacaq vətəndaşların eyni zamanda işlə təmin olunmasıdır:

"Ümumiyyətlə, yanaşma ondan ibarətdir ki, hər bir ailədən ən azı bir nəfər işlə təmin olunacaq. Ona görə də məşğulluğun təmin edilməsi ilə bağlı öncədən fəaliyyətlər həyata keçiriləcək. Məşğulluq sektorlar üzrə faiz etibarı ilə belə öncədən hesablanıb və bölüşdürülüb. Bu da təbii ki, imkan verəcək ki, həmin ərazilərimizdə biz sənaye və xüsusən də kənd ərazilərində aqrar və aqrar sektora yardımçı sahələrin inkişafını müşahidə edə bilək”. 

Vüqar Bayramov bildirib ki, bu baxımdan təqdim olunan baş planda yalnız binalar və parklar deyil, həm də sənaye obyektləri  və onların harada inşa edilməsi belə öncədən nəzərdə tutulub.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.