Ölkə 09:44 21.10.2023

Yeni yoldan istifadəyə görə ödənişlər necə həyata keçiriləcək? (AÇIQLAMA)

"Hacı Zeynalabdin qəsəbəsindən başlayaraq yeni inşa edilən ödənişli avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Bu yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilib və dörd hərəkət zolaqlıdır”.

Oxu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu yolun tam olaraq ödənişli olması nəzərdə tutulub:

"Artıq bu istiqamətdə işlər həyata keçirilib. Bildiyiniz kimi 150 km-lik yolun 129 km-lik hissəsi ödənişli olacaq. Hazırda ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün həmin tariflərin sistemə inteqrasiya prosesi aparılır. Proqram təminatı tam təmin edildikdən sonra test olunacaq. Test müddəti başa çatdıqdan sonra avtomobil yolu tam olaraq ümumi istifadəyə veriləcək”.

A.Nəcəfli ödənişlərin hansı formada həyata keçiriləcəyi barədə də danışıb:

"Bu yoldan istifadəyə görə ödənişlər xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə həyata keçiriləcək. Həmin kartları giriş və çıxışlarda qoyulan ödəniş məntəqələrindən əldə etmək mümkün olacaq. Yaxın gələcəkdə isə bu kartları şəhər və qəsəbələrdə müxtəlif satış məntəqələrindən də əldə etmək mümkün olacaq”.