Dünya 17:18 24.11.2022

Yorulan və bezən xalq, İranı özünün sayan azərbaycanlılar və ani “domino effekti” - Rauf Mirqədirovla müsahibə

İranda 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölümündən sonra məcburi hicab qaydasına etiraz olaraq keçirilən aksiyalar artıq siyasi tələblərlə müşayiət olunmağa başlayıb. 

İran xalqı 43 illik teokratik rejimin qadağalarından cana doyaraq, təkcə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəmir. Xalq artıq bütövlükdə rejimi tarixin arxivinə gömməyə çalışır və müşahidələr göstərir ki, bunda israrlıdır. İrandakı proseslər həm də diqqəti ölkənin gələcəyinə fokuslaşdırıb. Məsələ burasındadır ki, İran çoxmillətli ölkədir və orada yaşayan Azərbaycan türkləri, bəluclar, kürdlər və ərəblər diskrimnasiyaya məruz qalır. Bu baxımdan, xalqları İslam bayrağı altında birləşdirib, idarə etməyə çalışan teokratik rejimin çöküşündən sonra ölkənin bir neçə yerə parçalana biləcəyi barədə mülahizələr irəli sürülür. 

Qaynarinfo İranda gedən proseslər, hadisələrin inkişafı, ölkənin gələcək taleyi ilə bağlı qaranlıq qalan suallara aydınlıq gətirmək üçün siyasi analitik Rauf Mirqədirovla söhbətləşib.



- İki aydan artıqdır ki, İranı etiraz dalğası bürüyüb. Aksiyaların ilk günlərində etirazçılar vətəndaşların elementar hüquqularının tanınmasını tələb edirdisə, artıq xalq sistemin dəyişməsinin tələb edir. Sizcə, indiki şərtlər daxilində bu realdırmı? 

- Ümumiyyətlə, cəmiyyətin ictimai-siyasi əhval-ruhiyyəsini, durumunu müəyyənləşdirən institusional üst qurumların olmadığı avtoritar ölkələrdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. İranda bu tip qığılcımlar əvvəllər də olub, lakin onların heç biri rejimin dəyişməsinə gətirib çıxarmayıb. Amma İran kimi ölkələrdə bəzi hallarda adi, lokal bir hadisə genişlənərək rejimin dəyişməsi ilə nəticələnə bilər. Nümunə kimi "ərəb baharı”nı göstərmək olar. Əslində, İran kimi ölkələr üçün "domino effekti” xarakterikdir. Yəqin ki, bir çox yerlərdə domino daşlarından çox gözəl düzümlər görmüsünüz və bundan sonra da görəcəksiniz. İlk baxışda hər şey çox nizamlıdır, hər şey qaydasındadır və domino daşlarından düzəldilmiş divarın dağılacağını düşünmək belə çətindir. Çünki hər şey çox gözəldir. Lakin barmağınla bir daşa toxunsan, aşacaq və digərlərini aşırdacaq. Beləliklə, divar dağılacaq. Bunu həm də suya atılmış daşa da bənzətmək olar. Həmin o daşdan dalğalar yaranmağa, yayılmağa başlayır və daha çox su hövzəsini əhatə edir. Avtoritar rejimlərdə, institusoinal üst qurumların olmadığı dövlətlərdə elə bir daş ola bilər ki, böyük bir fırtına yaradar, elə bir daş da ola bilər ki, sadəcə olaraq batar. Cəmiyyətə heç bir təsiri olmaz. Biz İranda artıq "domino effket”ini görürük. Əvvəla, özünüzün də qeyd etdiyiniz kimi, artıq söhbət hansısa lokal problemdən getmir. Söhbət bütövlükdə sistemin, rejimin dəyişməsindən gedir. İkincisi, söhbət ondan gedir ki, İranda demək olar ki, cəmiyyətin bütün sosial qrupları, etnosları bu müqavimət hərəkatında fəal iştirak edirlər. Bu baxımdan, İranda rejimin dəyişməsi ehtimalı kifyət qədər böyükdür, amma mütləq deyil. Çünki İranda hakim teokratik rejimin sosial bazası var. Bu sosial baza dindarların bir hissəsini əhatə edir. Digər tərəfdən, İranda hazırki rejimin mövcudluğundan kifayət qədər yaxşı bəhrələnən hərbi-siyasi, sosial-iqtisadi elita var. Onlar öz imtiyazları, gəlirləri uğrunda vuruşmağa hazırdırlar. Hələ ki, hazırdırlar. Hələ ki, biz cəmiyyətin etirazını görürük və hələ ki, bu etiraz hakimiyyətə nəzarəti ələ keçirmək üçün kifayət deyil. Hələ ki, biz güc strukturlarında necə deyərlər, müəyyən bir parçalanmanın, güc strukturlarının vahid mərkəzdən idarə edilməsinin qeyri-mümkünlüyünü görmürük. Bu gün İranda güc strukturları hakimiyyətin nəzarətindədir. Düşünürəm ki, yaxın vaxtlarda güc strukturlarında parçalanma baş verərsə, bu rejimin vəziyyətini həddindən artıq ağırlaşdıracaq və iflasını qaçılmaz edəcək. 



- Rəsmi Tehran baş verənləri "xarici qüvvələr”lə əlaqələndirir. İranın qapalı ölkə olduğunu nəzərə alsaq, hansısa xarici qüvvənin prosesləri tətiklədiyi inandırıcıdırmı? 

- Bilirsiniz, bu bütün avtoritar-totalitar rejimlərin istifadə etdiyi təbliğati klişedir. Onlar həmişə ölkədə nəsə baş verəndə xarici düşmənləri ittiham edirlər. Bu klişedən bütün avtoritar rejimlərdə istifadə edilir. Belorusiyada Lukaşenko, Rusiyada Putin, İranda da teokratik rejim bu çeynənmiş klişedən istifadə edir. Bununla belə, başa düşmək lazımdır ki, Qərbdə İrandakı mövcud rejimin dəyişməsində maraqlı olan dövlətlər var. Onlar İranda daha qərbyönlü, daha çox Qərblə dialoqa, əməkdaşlıq etməyə hazır olan bir rejimin qurulmasında maraqlıdır və bu da çox təbiidir. Birincisi, teokratik rejim Qərbi düşmən elan edib. İkincisi, Qərbin regiondakı maraqlarının gerçəkləşməsinə bütün gücü ilə mane olur. Burada söhbət təkcə Qərbin İran, Cənubi Qafqazla bağlı maraqlarından getmir. Söhbət həm də Yaxın Şərqdən, ərəb dünyasından gedir. Belə bir halda Qərbin İran rejiminin dəyişməsində maraqlı olması təəccüblü deyil.

- Qərbin indiki halda prosesləri idarə etmək, nəticəni müəyyənləşdirmək üçün yetərli gücü varmı? 

- Bilirsiniz, Qərb yalnız mövcud imkanlardan istifadə edə bilər. İllərlə İran cəmiyyəti susurdu və buna görə də Qərb heç nə edə bilmirdi. Hə, düzdür, Qərb İrana qarşı sanksiyalar tətbiq edib. Amma hətta bu sanksilayar belə, İranda cəmiyyətin bütün təbəqələrini əhatə edən etiraz dalğasını yarada bilmirdi. Anlamaq lazımdır ki, avtoritar-totalitar rejimlər insan azadlıqlarını maksimum məhdudlaşdırılar. Təsəvvür edin, avtoritar-totalitar rejimlərdə Allahın faili-muxtar yaratdığı, azad olmağa meyilli məxluq olan insanın yalnız siyasi, sosial hüquqları məhdudlaşdırılmır. Bu tip rejimlər insanların şəxsi həyatına, davranışlarına, geyim tərzinə belə təsir göstərməyə çalışır. Bu, söszsüz ki, insanları yorur. İnsanlar doyurlar. Riyakarlıqdan doyurlar. Mən heç vaxt İranda olmamışam. Amma mənim dostlarım, tanışlarım olub. Onlar danışırdılar ki, insanlar küçədə şəriətin onlardan tələb etdiyi davranış tərzinə riayət edirlər. Amma evə girəndən sonra həmin o basqıdan tamamilə azad olub, özlərini sərbəst aparırlar. İstədiklərini geyinir və evə gələnlərdən gizlənmirlər. Bax belə basqılardan cəmiyyətlər gec-tez yorulur. Bu yorğunluğun üstünə sözsüz ki, sosial-iqtisaid problemlər, hakim etnosdan olmayanlara qarşı milli diskrimnaisya və s. gələndə günün birində partlayış baş verir. Partlayış baş verəndən sonra sözsüz ki, Qərb və bir sıra dövlətlər həmin prosesin çox fəal işçtirakçılarına çevrilə bilir.



- İrandakı proseslər həm də ölkənin parçalana biləcəyi barədə mülahizələrə səbəb olub. Ümmətçilik prinsipinə istinad edərək çoxmillətli İranı idarə edən teokratik rejimin devrilməsi həm də ölkənin bir neçə yerə parçalanmasını şərtləndirə bilərmi? Nəzərə almaq lazımdır ki, İranda müxtəlif millətlər, xüsusilə, azərbaycanlılar, bəluclar, kürdlər açıq diskriminasiya məruz qalır və bu amil birgəyaşayışı mümkünsüz edir. 

- İran klassik materik imperiyasıdır və bütün materik imperiyaları kimi dağılmalıdır. Amma imperiyaların dağılma prosesi bir çox hallarda çox uzun və ağrılı olur. Xüsusilə, materik imperiyalarının dağılma prosesi həddindən artıq ağrılı olur. Çünki onlar tutduqları əraziləri özəlləşdirirlər. Xalqları assimliyasiyaya uğrada, etnik təmizləmə həyata keçirə bilmədikləri təqdirdə onları ikinci dərəcəli etnoslar kimi qəbul edirlər. Təbii ki, həmin xalqlar hakim etnosla bərabərhüquqlu olmurlar. Bu ziddiyyət həmişə özünü göstərib. 

- Bu ziddiyyət daha da dərinləşərək parçalanmanı labüd edə bilərmi? 

- Yenə də deyirəm, materik imperiyalarda bu proses xüsusilə ağrılı olur. Biz bunu Rusiyanın timsalında görə bilərik. Konkret İrana gəlincə, onu digər imperiyalardan fərqləndirən çox vacib bir xüsusiyyət də var. Bu xüsusiyyət İranda digər imperiyalardan fərqli olaraq iki dövlətqurucu etnosun olmasıdır. Söhbət Azərbaycan türkləri və farslardan gedir. Məsələni ən maraqlı tərəfi ondan ibarətdir ki, bu xüsusiyyət həm İran imperiyasındakı daxili ziddiyyətləri şərtləndirir, həm də İranın mövcud şəkildə qalmasını uzadır. Yəni, bir tərəfdən bu etnoslar arasında daimi rəqabət var. İran tarixi, əslində, elə bu rəqabətdən ibarətdir. Bir çoxları bunu son 500-600 ilin yeniliyi, yaxud regionda gedən siyasi proseslərin təzahürü kimi görür. Əslində, belə deyil. Firdovsinin "Şahnamə”sini oxumaq kifayətdir ki, fars və türk etnosunun bu coğrafi məkana nəzarət etmək uğrunda mübarizə apardığının şahid olaq. Yəni, bu uzun müddətli tarixi rəqabətdir. Beləliklə, iki dövlətqurucu etnosun olması bir tərəfdən daxili ziddiyyətləri şərtləndirir, digər tərəfdən isə İranın mövcud sərhədlər daxilində qalmasını təmin edir. 



- Fikirlərinizdən belə anlaşılır ki, İranda türk etnosu diskrimnasiyaya məruz qalsa belə, müstəqilliyə can atmaq niyyəti yoxdur... 

- Bilirisniz, İranda türklərin böyük bir hissəsi doğrudan da İranı öz dövləti sayır və hesab edir ki, nə vaxtsa bu dövlətin idarəçiliyi tamamilə onların əlinə keçəcək. Yaxud onlar da bərabərhüquqlu şəkildə bu dövlətin idarəçiliyində iştirak edəcəklər. Bu, eyni zamanda İrandakı türk etnosunun özündə bir ikililik yaradır. Bunu şəxsiyyətin ikiləşməsi kimi də təsəvvür edə bilərik. Bir tərəfdən deyirlər ki, İran bizim dövlətimizdir, digər tərəfdən isə dillərindən "Azərbaycan” sözü düşmür. Bu yanaşmanı İranı Azərbaycana çevirmək istəyi kimi də dəyərləndirmək olar. Lakin bu da mümkün deyil. Çünki hər iki etnos kifayət qədər güclü etnoslardır. Birinin digəri tərəfindən assimliyasiya olunması, birinin digərinin mənəvi dəyərlərini qəbul etməsi qeyri-mümkündür. Beləliklə, hər iki etnosun dövlətqurucu olması, İrana öz dövləti kimi baxması nəticə etibarı ilə bu ölkənin mövcud sərhədlər daxilində qalmasını şərtləndirir. İranda farslar və türklərdən başqa bəluclar, kürdlər, ərəblər, bir qədər yəhudi və erməni var. Amma onlar hadisələrin gedişinə həlledici təsir göstərə bilən etnoslar deyil. Onlar mütləq azlıqdadırlar və dövlətqurucu etnoslar deyillər. 

- Deməli, İranın parçalanmasını mümkünsüz hesab edirsiniz... 

- Xeyr, mümkünsüz deyil. Bütün hallarda İranın parçalanması üçün ilkin şərt onun imperiya olmasıdır. Bu silahdan İrana qarşı istifadə etmək olar. 

Sabah müsahibənin davamında oxuyacaqsınız:

- İranın parçalanması üçün əsas "silahdan” istifadə edilməsinə şərait yaranıbmı?
- Cənubi Azərbaycan məsələsinin qaldırılması zərurətə çevrilibmi, bu məsələ niyə Qərb və Rusiyanın marağında deyil?
- Şimalla Cənub birləşməyə hazırdırmı, Türkiyənin bu prosesdə hansı rolu ola bilər? 
- İran-Azərbaycan münasibətlərindəki gərginlik hərbi qarşıdurma ilə nəticələnə bilərmi?

Vidadi Məmmədov