Siyasət 13:20 21.12.2022

Zakir Həsənovun Ankara səfərində məqsəd nədir? - Ekspert

"Bu görüş Bakı, Tiflis və Ankara arasında hərbi əlaqələrin daha da təkmilləşməsinə xidmət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli müdafiə naziri Zakir Həsənovun Azərbaycan, Türkiyə və Gürcüstandan olan həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün Ankaraya etdiyi səfəri dəyərləndirərkən deyib. Ekspert bildirib ki, Ankaradakı görüş üç ölkə arasında əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək:

"Beynəlxalq əlaqələrin gücləndirilməsi Azərbaycanın əsas prioritetlərindən biridir. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüşlər də bu mənada planlaşdırılan və həyata keçirilən məsələlərdəndir. Azərbaycan Ordusunun inkişafında onun beynəlxalq əlaqələrinin züsusi əhəmiyyəti vardır. Çünki dünyanın inkişaf etmiş ölkələrilə ikitərəfli və çoxtərərli əlaqələrin qurulması Ordumuz üçün yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. 



Ankaradakı görüş Türkiyə, Gürcüstan və Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan artıq Rusiyaya arxasını çevirib. Bölgədə tək Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Amma təəssüf ki, münasibətlərin korlanması üçün başda Rusiya və İran olmaqla bir sıra dövlətlər canfəşanlıq edirlər. Buna baxmayaraq, Bakı qətiyyətli siyasət yeridir. Bu mənada qonşuluq münasibətləri baxımından Bakı-Ankara-Tiflis arasında üçtərəfli yaxınlaşmanın böyük əhəmiyyəti vardır”. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib. Keçiriləcək görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq. 

Rüfət Sultan