Dünya 20:38 08.02.2023

Zelenski bu generalı müdafiə naziri təyin etmək istəyir - KİV

Ukrayna prezidentinin komandasındakı nüfuzlu mənbə bildirib ki, Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müdafiə naziri təyin olunmasını istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə NV nəşrinin "Budanovun parlayan ulduzu. Müdafiə nazirliyinə rəhbərlik edə bilən gənc Ukrayna kəşfiyyat generalı kim idi və kim oldu” məqaləsində deyilir.

"Bunu prezident istəyir”, deyə mənbə bildirib.

Fevralın 6-da Ukraynanın Ali Radasında "Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya müdafiə naziri Aleksey Reznikovun hələlik vəzifəsindən azad edilməyəcəyini bildirib. Bir gün əvvəl Araxamiya iddia edirdi ki, Reznikovun yerinə Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Müdafiə Nazirliyinə, Reznikov isə Strateji Sənaye Nazirliyinə rəhbərlik edəcək. Reznikovun özü başqa nazirliyə rəhbərlik etməkdən imtina edəcəyini bildirib.

Müdafiə naziri Aleksey Reznikovun mümkün istefası barədə məlumat Ukrayna Silahlı Qüvvələri üçün məhsulların baha qiymətə alınması və nazirliyin bir neçə yüksək vəzifəli şəxslərinin mənimsəmə şübhələri ilə əlaqədar Müdafiə Nazirliyində rezonans doğuran korrupsiya qalmaqalı fonunda ortaya çıxıb. 

Reznikov vəzifəsindən azad edilməsi ilə bağlı şayiələri şərh edərkən bildirib ki, prezident Volodimir Zelenski belə bir qərar verərsə, istefa verəcək.

Nizami Bağırov