Dünya 19:22 07.03.2024

Zelenski öldürülərsə, savaşın taleyi necə olacaq? (ŞƏRH)

"Zelenski öldürülsə belə, Ukrayna xalqı Rusiyaya qarşı mübarizəsini davam etdirəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenski terror nəticəsində öldürüldüyü təqdirdə, savaşın sonunun necə olacağı sualına cavabında deyib.
 
"Savaşı Rusiya başlayıb. Onun məqsədi yeni əraziləri işğal etmək, Ukrayna dövləti və xalqını məhv etməkdir. Ukrayna xalqı isə təslim olmaq, ərazilərini itirmək niyyətində deyil. Onlar sona qədər mübarizə aparmaq əzmindədirlər. Ukrayna xalqı Rusiyanın məqsədini gözəl anladığından təslim olmur. Müharibə nəticəsində Ukrayna başçısının ölürülməsi də mümkündür. Bunu da istisna etmək olmaz. Amma Zelenskinin öldürülməsi və yaxud aradan götürülməsinin 2 ildir davam edən müharibəyə heç bir təsiri olmayacaq. Ukrayna xalqı mübarizəsini davam etdirəcək. Ukrayna qanunlarla idarə olunan ölkədir. Bu mənada Zelenskinin hansısa bir terror nəticəsində öldürülməsi fonunda yerinə bir başqası keçəcək", deyə politoloq bildirib. 
 


Zərdüşt Əlizadə bildirib ki, sözügedən vəziyyətdə onun yerini Ali Radanın sədri Ruslan Stepançuk tutacaq:

"Ardınca da yəqin ki, yeni prezident seçkiləri keçirəcəklər. Ya da müvəqqəti olaraq kimisə təyin edəcəklər. Bir adamla dünya dəyişmir. Zelenski  Stalin deyil ki, ölümündən sonra hər şey kəskin şəkildə dəyişsin". 

Qeyd edək ki, Rusiya raketləri Odessada Ukrayna lideri Volodimir Zelenskinin kortejinə hücum edib. Mətbuatın məlumatına görə, Ukrayna prezidenti  Volodimir Zelenski və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi yunan missiyasından 150 metr aralıda yerləşən korteji Rusiya raketləri tərəfindən hücuma məruz qalıb. 

Rüfət Sultan