Dünya 17:41 17.01.2023

Zelenski Oleksiy Arestoviçin istefasını qəbul etdi (FOTO/YENİLƏNİB)

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Prezident Ofisinin müşaviri Oleksiy Arestoviçin istefasını qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.

Yanvarın 15-də axşam O.Arestoviç "Feigin Live” yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi. 

Rusiya onun bu səhv açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən O.Aretoviçin sözlərindən sitat gətirib. 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı O.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı "X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.
 
 14:16

Ukrayna prezident ofisinin ştatdankənar müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb. Bu, onun Dneprdə binaya raketin düşməsi ilə bağlı geniş rezonans doğuran bəyanatından sonra baş verib.

Bu barədə Qaynarinfo Aretoviçin Facebook səhifəsinə istinadən xəbər ">verir.

O, istefa ərizəsini sosial şəbəkədə yerləşdirib.

"İstefa ərizəsi yazdım. Mən sivil davranış nümunəsi göstərmək istəyirəm: fundamental səhv, deməli, istefa olmalıdır", - Aretoviç yazıb.
Xatırladaq ki, Aleksey Arestoviç Dneprdə yaşayış binasının üstünə düşən Rusiya raketinin Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurularaq evə düşə biləcəyi iddiasını irəli sürmüşdü. Onun bu bəyanatı böyük qalmaqala səbəb olub.

Buna cavab olaraq Ukrayna SQ-nin Hava qüvvələri müşavirin iddiasını təkzib edib. Bildirilib ki, Dneprdəki bina X-22 tipli raketlə vurulub və Ukrayna Silahlı Qüvvələrində bu tip raketləri vurmağa qadir olan sistemlər yoxdur. Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü başlayandan indiyədək bu tipli 210-dan çox raket atılıb. Onların heç biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmayıb. 

Dünən Arestoviç "Feyqin live” Youtube kanalında bu bəyanatına görə vəfat edən şəxslərin yaxınlarından və bütün Ukrayna xalqından üzr istəyib.

Nizami Bağırov