Dünya 16:18 08.11.2022

Zelenski Rusiya üçün 5 şərt irəli sürdü - ABŞ-dan dəstək gəldi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb. Lakin bunun üçün Moskva bir sıra şərtləri yerinə yetirməlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski xalqa ənənəvi müraciətində bildirib.

Ukrayna prezidentinin tələbləri aşağıdakılardır:

1. Rusiyaya birləşdirilən ərazilərin qaytarılması ilə Ukraynanın ərazi bütövlüyünün bərpası;
2. BMT-yə hörmət;
3. Bütün itkilər üçün kompensasiya;
4. Hər bir hərbi cinayətkarın cəzalandırılması;
5. Hücumun bir daha baş verməyəcəyinə zəmanət.

Zelenski sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü haqqında fərman imzalayıb. O, yeni müraciətində mövqeyinin dəyişib-dəyişmədiyini qeyd etmir.

Ukrayna prezidentinin çıxışından sonra ABŞ Rusiya ilə danışıqlarda Ukraynanın mövqeyini tamamilə bölüşdüyü açıqlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinq zamanı bildirib.

Ned Prays qeyd edib ki, amerikalılar da ukraynalılar kimi sülhün bərqərar olmasına inanırlar: "BMT Nizamnaməsinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə hörmətlə yanaşan, Ukraynanın öz gələcəyini müdafiə etmək qabiliyyətini, Ukraynanın bərpasını təmin edəcək, habelə Rusiyanın Ukraynaya hücumuna və hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsini əhatə edən sülhün bərqərar olmasını istəyirik”.

O xatırladıb ki, prezident Zelenskinin özü belə prinsiplər üzrə danışıqlara hazır olması barədə danışıb. Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, əgər Rusiya belə bir dialoq istəyirsə, o zaman atəş və raket zərbələrini, Ukraynanın dinc sakinlərinə hücumlarını və qətllərini, infrastrukturun dağıdılmasını dayandırmalıdır.

"Ancaq təbii ki, Kreml bunun göstərir - danışıqlara hazır və açıq olduğuna işarə etmək əvəzinə, bu müharibəni genişləndirməyə əl atmağa davam edir”, deyə Ned Prays əlavə edib.

ABŞ rəsmisi həmçinin vurğulayıb ki, ölkəsi, NATO və Avropa İttifaqı "Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə əməl etməyə davam edir.

Nizami Bağırov