Ölkə 19:20 23.08.2023

Zəlzələ Azərbaycan tarixinin gedişatını necə dəyişdi - “Yaradıcı məhv” tarixinə qısa baxış...

Tarix boyu Azərbaycanda baş verən və böyük dağıntılara səbəb olan zəlzələlərin hekayəsi...

O, insanın ən qorxduğu təbiət hadisəsi , insan və ölkələrin tarixini dəyişdirən bir fəlakətdir. Təəccüblüsü odur ki, bu dəhşətli fəlakət ictimai şüurdan tez silinir və tarixçilər tərəfindən belə təəccüblü dərəcədə az diqqət çəkir. Lakin bütün dağıdıcı nəticələrinə və insan tələfatına baxmayaraq, bu günə qədər zəlzələlər böyük mədəni, iqtisadi və siyasi nəticələrə səbəb olub.

Bu yazıda biz Azərbaycanda tarixi mənbələrdə də yazılan ən güclü bir neçə zəlzələni araşdıracaq, onların səbəblərini, təsirlərini və bu fəlakətli hadisələrdən doğan nəticəni təhlil etməyə çalışacağıq.

Yazılı mənbələr Azərbaycan ərazisindəki ilk zəlzələlər haqqında nə deyir

Çox az məlumat olsa da Azərbaycanda yazılı mənbələrdə qeydə alınmış ilk zəlzələnin Gəncə şəhəri yaxınlığında, bizim eranın 427-ci ilində baş verdiyi deyilir. Salnamələrdə "zəlzələ bütün ölkəni alt-üst etdi, şəhərləri və kəndləri uddu, torpağın müxtəlif yerlərdə qalxıb enməsinə səbəb oldu” kimi məlumatlar fəlakətin miqyası haqqında bizdə təsəvvür yaradır.

Cəmi bir neçə əsr sonra dünya tarixinin ən böyük zəlzələlərindən biri baş verəcəkdi. Çiçəklənən Gəncənin xarabaya çevrilməsi

XII əsrin ikinci yarısı Gəncə öz intibahının ən yüksək zirvəsini yaşayırdı. Şəddadilər dövlətindən sonra Gəncə Səlcuq imperiyasının mərkəzlərindən birinə çevrilmişdi. Gəncənin əhəmiyyəti o qədər böyük idi ki, Böyük səlcuqlu sultanı Məlikşahın oğlu Taparın titullarından biri də Gəncə sultanı idi. Birdən-birə onun tarixində baş verməsində insan amili olmayan dəhşətli fəlakət baş verir.

30 sentyabr 1139-cu ildə Gəncə şəhəri yaxınlığında 11 bal gücündə zəlzələ 230 mindən 300 minə qədər insanın həlakına səbəb oldu. İndiki dövrün statistikası ilə müqayisə etsək bu dövrünə görə 2 və ya 3 milyon insanın öldüyü anlamına gəlir.

Zəlzələnin şahidlərindən biri alban müəllifi Mxitar Qoş bu hadisəni belə təsvir edib: Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı. Bir çox qala və kəndlər dağıldı və saysız-hesabsız insanlar məhv edildi". Zəlzələ zamanı Gəncə hakimi Qara Sunqurun da ailəsi ölənlər arasında idi.

Fəlakət fəlakət arxasınca – Gəncə darvazalarının oğurlanması

Təbii fəlakəti dərhal bunu fürsət bilən qonşu dövlətin basqını əvəz elədi. Gürcü kralı Demetre öz qoşunu ilə şəhərə basqın etdi. Mxitar Qoşun sözlərinə görə, gürcü qoşunları basqınları və işcəncələri ilə xalqa zəlzələnin özündən də amansız əzablar verdilər. Məşhur Gəncə darvazaları da məhz bu basqından sonra gürcülər tərəfindən oğurlanaraq aparılır. Zəlzələdən sonra şəhər Qara Sunqur tərəfindən bərpa edilməyə başlayır.
Lakin məhz bu zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsir və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl kimi göllər yaranır.

Bakının Azərbaycan paytaxtı olmasına gedən yol. 1192-ci il Şamaxı zəlzələsi

XII əsrin axırlarında Şamaxı Şirvanşahlar dövlətinin paytaxtı kimi çiçəklənmə dövründə idi. Şamaxı bir çox region siyasi məsələlərinin həll olunduğu, eyni zamanda elm və mədəniyyət paytaxtı idi. Lakin təbii fəlakət onun taleyini həmişəlik dəyişir. Ağla gətirməmək olmur ki, 1192-ci il Şamaxı zəlzələsi olmasaydı Bakının ulduzu çətin ki, parıldayacaqdı.

1192-ci ildə Şamaxıda baş verən təbii fəlakət Şirvanşahların paytaxtının darmadağın olması ilə nəticələnir. Həmin vaxt Şirvanşah hökmdarı Axsitanın ailəsi də zəlzələ nəticəsində ölənlər arasında idi. Zəlzələ haqqında yazan bir gürcü tarixçisi, Şamaxı şəhərinin divarları və qalalarının uçub dağıldığı, "Hər şey məhv oldu, eləcə də, Şirvanşahın arvadı və uşaqlan həlak oldular. Onlar bundan xəbər tutduqda ağlayıb başlarına kül sovurdular, ətraflarına baxdıqda Allahdan başqa bir köməkçi və xilaskar görmədilər" yazaraq məlumat verir. Belə ki, Şamaxını bərk dağıdan bu zəlzələdən çoxlu adam, o, cümlədən Şirvanşahın ailəsi, onun arvadı İsmətəddin, oğlu və vəliəhdi Mənuçöhr və qızları həlak oldu. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakıya köçürülür. Xəzər sahilinin kiçik, ancaq sirli şəhəri ilk dəfə olaraq bir dövlətin siyasi və inzibati mərkəzi olur.

Şamaxının fəlakətləri davam edir

Şamaxıda yazılı mənbələrdə qeydə alınmış təbii fəlakətlərin sayı onlarladır. Bunlardan ən məşhurlarından biri 1667-ci il zəlzələsidir.

Tədqiqatçıların hesablamalarına görə, həmin zəlzələdə qurbanların sayı təqribən 80.000 nəfərə çatırdı. Evlərin tamamilə dağılır, Şamaxının dağlıq yollarının da uçması ticarət karvanlarının marşrutlarının dəyişməsinə səbəb oldu. Bu hesablamalar məşhur holland səyyah Yan Struisin gündəliyindəki qeydlərə əsaslanırdı.

1668-ci il zəlzələsi yeni fəlakətə səbəb olur. Dövrün tarixçiləri yazır ki, zəlzələ Ərdəbil şəhərində, Təbrizdə, İrəvanda, Tiflisdə, Gəncədə, Şamaxıda, Dəmur-qapıda baş verdi... Şamaxıda hər şey alt-üst oldu, elə dağıldı ki, heç bir bina qalmadı. Hamısı, saysız-hesabsız bir çox insan həlak olur. Bu fəlakəti 1669 və 1671-ci illərdə yeni dağıdıcı zəlzələlər izləyir.

Azərbaycanın siyasi mərkəzi həmişəlik Bakı oldu! – 1859-cu il Şamaxı zəlzələsi

Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra bölgə 1846-cı il 14 dekabr tarixli fərmanla 4 quberniyaya bölündü. Yaradılan Şamaxı quberniyası Azərbaycan ərazisinin böyük əksəriyyətini əhatə edirdi. İnzibati mərkəz Şamaxı şəhəri idi. Lakin 1859-cu ildə Şamaxıda dəhşətli zəlzələ baş verdi. Zəlzələdən sonra Rusiya imperatoru şəhərə maliyyə yardımı ayrılması haqqında göstəriş verir. Lakin dəvət olunmuş alimlər, xüsusən dünya şöhrətli geoloq, Qafqaz geologiyasının mahir tədqiqatçısı German Abix dəhşətli dağıntıların davam edəcəyini proqnozlaşdırırdı. Məşhur alim "1859-cu ilin mayında Şamaxı və Ərzurum zəlzələsi” adlı əsər yazaraq Şamaxının gec-tez zəlzələdən bütövlüklə məhv olacağını bildirdi.

Nəhayət, quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Beləliklə, Şamaxı quberniya şəhəri statusunu itirdi.

Fəlakət yarım əsrdən də az bir müddətə özünü yetirir

1902-ci il fəlakəti German Abixin proqnozunun doğruluğunu təsdiq edirdi. Buna qədər xırda təkanlar olurdu. Şamaxı tarixinin ən dağıdıcı zəlzələrindən biri baş verir. Zəif şəhərsalma planı faciəni daha da böyütdü. Şamaxılıların palçıq və daşdan tikdiyi evlər bu miqyasda zəlzələyə davam gətirmək gücündə deyildi. Bazar və dükanlar yerlə-yeksan oldu, 8 məscid, 10 mədrəsə, hamamlar, 4 min yaşayış evi tamamilə uçdu. 20 mindən artıq əhalinin evsiz qaldığı bu zəlzələdə iki mindən artıq sakin həlak oldu.

Hər kəs, həmin dövrün mətbuatı şamaxılıların bu şəhəri tərk edəcəyini yazsa da əhali yeni ərazilərə köçməkdən imtina edir. Şamaxılıların buna həm də sadəcə olaraq imkanları yox idi. Elə o vaxt da mühəndis K.İ. Xatilov deyir: "Şamaxını yenidən tikəcəklər, həyat öz məcrasına dönəcək, dəhşətlər və səfalət yavaş-yavaş yaddaşlardan silinəcək və bu, yeni zəlzələyə qədər davam edəcək. Sonra yenə dağıntılar, yenə də eyni dəhşətlər...”

O vaxtın qəzetləri Şamaxı zəlzələsinin təsvirləri ilə zəngindir. "Novosti dnya” qəzeti artıq zəlzələ gününün səhəri xəbər verirdi: "...Teleqraf məlumatlarına görə, Şamaxının bütün əhalisi zəlzələdən həlak olub. Başqa təfərrüatlar yoxdur”.

Zəlzələdən 5 gün sonra - fevralın 5-də "Kaspi” qəzeti öz reportajında yazırdı: "Şəhərin aşağı və orta hissəsi,yəni tatarlar yaşayan hissələr torpaqla bir olub. Bütün tikililər minlərlə adamı udmuş xarabalıqlara dönüb. Hər şey - məktəblər, məscidlər, o cümlədən əvvəlki zəlzələlərə tab gətirməyi bacarmış Cümə məscidi, hamamlar, birmərtəbəli və ikimərtəbəli evlər, varlıların və yoxsulların evləri - hamısı zəlzələyə qurban gedib. 12 hamamın xarabaları altında çoxlu qadın qalıb. Yanvarın 31-i cümə axşamı günüydü və həmin gün hamamlarda qadınların yuyunmaq növbəsi idi... Rus-tatar məktəbi uçub. Pravoslav kilsəsi, kazarmalar, xəzinədarlıq binası dağılıb, türmə və qəza idarəsinin binası zədələnib”.

İlk seysmik stansiyaların quraşdırılması. Seysmoloji müşahidələrin başlanğıc tarixi

Şamaxı zəlzələsi Bakıda neft sahəsinə sərmayə qoyan sahibkarların, xüsusən Nobel qardaşlarının ciddi narahatlığına səbəb olub. Nobel qardaşları 1755-ci ildə Avropa tarixinin dəyişməsinə səbəb olduğu deyilən Lissabon zəlzələsinin nəticələrini yaxşı bilirdilər. Dağıdıcı zəlzələ və sunamidən sonra dəhşətli yanğın Lissabonu içindəki insanlarla bir yerdə yanmağına səbəb olmuşdu. Bakıda isə bir kibritin çaxılması ilə böyük yanğınların baş verməsi an məsələsi idi. Nobel qardaşları bu riskə gedə bilməzdilər. Dərhal 1902-ci ildə iki seysmoqraf cihaz alınır. Biri Bakıda, digəri isə Şamaxıda quraşdırılır. Daha sonra Gəncədə də bu cihazlardan quraşdırılır.

Bakı, Xəzər sahilləri və zəlzələlər

Məlumdur ki, Xəzər dənizinin tarixində zəlzələ və vulkan püskürmələri nəticəsində nisbətən zəif dağıntılar və "sunami” adlandırıla biləcək hadisələr baş vermişdir. Onlardan ən qədimi zəlzələ zamanı Dərbənd yaxınlığında dənizin 150 metr içəri çəkildiyi 957-ci ilə təsadüf edir. Bakının özündə dağıdıcı zəlzələlərin heç bir zaman olmadığını əminliklə demək olar. Bunlardan ən güclüsü, 1842-ci ildə baş verən zəlzələ zamanı Maştağa kəndində 700 evin hamısı uçsa da insan tələfatı olmamışdır.

Bakı tarixinin yadda qalan ən güclü zəlzələsi 2000-ci ildə 6.8 bal gücündə baş verən zəlzələdir. Fəlakət köhnə binaların zədələnməsinə və 30 nəfər insanın həlak olmasına yol açır. Bakının bu günlərdə yenidən silkələnməsi belə hadisələrin davam edəcəyi barədə proqnozlara da səbəb olur.

XXI əsr Azərbaycanın başqa bölgələri də baş verən zəlzələ xəbərləri ilə zəngindir. 1999-cu il Ağdaş zəlzələsi, 2012-ci il Zaqatala zəlzələsi,2015-ci il Şəki, 2019-cu il İsmayıllı zəlzələsi və digər xırda təkanlar bəzi tələfatlara səbəb olsa da öz miqyası və dağıdıcı miqyasına görə ötən əsrlərdə baş vermiş zəlzələlərlə müqayisə belə oluna bilməz.

"Yaradıcı məhv” – ilk dəfə 1942-ci ildə iqtisadçı Cozef Şumpeterin bu terminini zəlzələ hadisələrinə də aid edirlər. Zəlzələ məhv edir, ancaq yeni inkişafa və tarixi hadisələrə səbəb olur kimi fikirlərlə razılaşmamaq da olmur. Sonda, zəlzələlər qədim dövrlərdən bu günə qədər dünyanın bir çox xalqlarının və regionlarının siyasətində, iqtisadiyyatında və mədəniyyətində mühüm və qəribə rol oynamışdır. Onların tarixini öyrənməklə, müasir sivilizasiya seysmik təhlükə ilə daha təhlükəsiz şəkildə bir yerdə yaşamaq yollarını öyrənə bilər.

 Mənbə: Musavat.com