Siyasət 17:32 08.02.2023

"Zəlzələ türk dünyasını daha sıx birləşdirdi, ilk yardım edən Azərbaycan oldu" - Politoloq

Türkiyədə baş verən ağır faciə ilə əlaqədar olaraq Azərbaycan və digər türkdilli dövlətlər qardaş ölkəyə ilk olaraq yardım əlini uzadıblar. Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr və digər türkdilli dövlətlər yardım kampaniyasında aktiv iştirak edirlər. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyəyə dəstək məsələsində Bakı digər türk dövlətlərinə də nümunədir:


 
"Azərbaycan və digər türkdilli dövlətlərin Türkiyədə baş verən faciə il əlaqədar dəstəyi geniş rezonans doğurub. Azərbaycan Türkiyədəki faciəni sanki özündə baş verən hadisə kimi dəyərləndirdi. Bunun nəticəsidir ki, bütün ölkə əhalisi qardaş ölkəyə yardım əlini uzatdı. Türkdili dövlətlər xoş və bəd gündə həmişə bir yerdədir. Azərbaycan Ankaraya yardım edən ölkələr arasında əsas yeri tutur və bu belə də olmalıdır. Bu məsələdə də Bakı digər türk dövlətlərinə nümunədir. Məhz, Azərbayanın ardınca Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türmənistan da Türkiyəyə dəstək kampaniyasına qoşulub. 

Əsas məqsəd hazırda dağıntılar altında qalan insanların xilasıdır. Prosesdə xilasedicilərə ciddi ehtiyac var ki, bu mərhələdə də Azərbaycan başda olmaqla türkdilli dövlətlər öndədir. Ölkəmizin bu sahə üzrə peşəkar mütəxəssisləri artıq Türkiyədədir. Türkiyə 44 günlük müharibədə və digər məsələlərdə Bakının yanında olduğu kimi, Azərbaycan da faciənin nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə hər cür yardım və dəstəyi göstərir və göstərəcək”. 

Rüfət Sultan