Xəbər lenti

Siyasət 14:15 30.06.2023

Zərdüşt Əlizadə Bayramovla Mirzoyan arasında ABŞ-da gedən danışıqları şərh etdi

"Həm Azərbaycan, həm də Ermənistan tərəfinin öz istəkləri var və bu istəklərin həmin əlavə maddələrdə öz əksini tapıb-tapmadığını indidən demək çətindir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gedən danışıqları şərh edərkən deyib.

"Danışıqlarda saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edildiyi bildirilsə də, rəsmən elan edilməyincə hansı əlavə tərəqqiyə nail olunduğunu heç kim dəqiq deyə bilməz. Bir çox məsələlərdə tərəflər çalışır ki, sülh müqaviləsinə öz maraqlarına cavab verən maddələri əlavə etsinlər. Bu maraqların prosesə nə dərəcədə əlavə edilib-edilmədiyi danışıqların nəticələri elan olunanda bilinəcək. Ona görə də indi bu barədə deyəcəyimiz mülahizələr yalnız ehtimal ola bilər. İrəvan çalışır ki, sülh müqaviləsində Qarabağ ermənilərinin taleyi, Bakı isə çalışır ki, Zəngəzur dəhlizinin fəaliyyəti və gələcək statusu, anklav kəndlərin taleyi məsələləri öz əksini tapsın. Lakin sülh müqaviləsi daha ümumi səciyyə daşıdığından tərəflər əvvəlcədən razılaşmışdılar ki, onu konkret məsələlərlə yükləməsinlər. Bu mənada əlavə hansı maddələr üzrə razılıq əldə olunduğunu indidən söyləmək çətindir. Həm Azərbaycan, həm də Ermənistan tərəfinin öz istəkləri var. Bu istəklərin həmin əlavə maddələrdə öz əksini tapıb-tapmadığını demək çətindir”, deyə politoloq bildirib.



Həmsöhbətimiz qeyd edir ki, səmərəli danışıqlar davamlı olaraq aparılmalıdır:

"Danışıqların nəticəsi olaraq tərəqqinin əldə edildiyi elan olunub. Bu da müsbət addımdır. Amma eyni anda təxribatlar da davam edir. Buna son qoymaq üçün isə səmərəli danışıqların aramsız aparılması və hansısa bir müsbət mənzərənin əldə olunması çox vacibdir”. 

Qeyd edək ki, iyunun 27-29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Məlumata əsasən, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub:

"Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. O da məlum olub ki, danışıqların növbəti raundu bir neçə həftədən sonar Avropada keçiriləcək. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->