Siyasət 15:12 05.06.2023

Zərdüşt Əlizadə: “Endirilən zərbələrdən sonra separatçıların ağlı başına gələcək”

"Sülhə nail olmaq istiqamətində tərəflərin mövqelərinin yaxınlaşdığını görürük”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2023-ci ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə səsləndirdiyi fikri şərh edərkən deyib.     

Politoloq qeyd edib ki, mübahisəli məsələləri həlli yolunda ardıcıl olaraq tərəfləri razi salan təkliflər qəbul edilir.


 
"Oveçyuk, Mustafayev və Qriqoryanın rəhbərliyi altında keçirilən üçtərəfli görüşdə Zəngəzur yolunun açılması qərara alınıb. Sadəcə, hələlik onun iş rejimi barədə fərqli fikirlər qalmaqdadır. İrəvan istəyir ki, həmin yola Ermənistan qüvvələri nəzarət etsin. Rusiya isə özünün orada olmasına çalışır. Öz işləridir, məsələni öz aralarında müəyyənləşdirə bilərlər. Əsas odur ki, yolun açılması barədə prinsipial olaraq razılıq əldə edilib. 

İndi əməli işə keçmək lazımdır. Avropa İttifaqı da yəqin ki, iyulda Ermənistana həmin dəmir yolunun tikintisi üçün pul ayıracaq. Delimitasiya kommisiyası xəritələr məsələsini də razılaşdırır. Qarabağdakı ermənilərlə danışıqlara gəlincı, hələlik prosesə Rusiya mane olur, təxribatlar törədir, radikalları qızışdırır. Amma onun da həll yolu var. Bir neçə dəfə endirilən zərbədən sonra separatçıların ağlı başına gələcək”, deyə Zərdüşt Əlizadə vurğulayıb. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2023-cü ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayıb: "Ermənistanla Azərbaycan arasında çox  intensiv danışıqlar aparılır. Əgər bu intensivlik  davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez  saziş imzalamaqda qərarlıyıq".
 
Rüfət Sultan