Xəbər lenti

Siyasət 14:30 16.02.2024

Zərdüşt Əlizadə: "Ərazi mübadiləsi aparıla bilər"

"Bütün sərhədi eyni vaxtda razılaşdırıb, müəyyənləşdirmək qeyri-mümkündür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İrəvanın Azərbaycanla hər bir region üçün ayrıca delimitasiya variantına razı olduğu barədə Ermənistan baş naziri Paşinyanın fikirlərini şərh edərkən deyib.

Politoloqun fikrincə, Ermənistan artıq başa düşür və dərk edir ki, delimitasiya bir prosesdir, texnologiyadır:
 


"Bütün sərhədi üyni vaxtsa razılaşdırıb, müəyyənləşdirmək qeyri-mümkündür. Adətən komissiyalar sərhədi tikə-tikə bölüb, hər tikəni xəritə üzərində razılaşdırır. Razılaşdırılmış yerləri imzalamaqla təsdiqləyir, sonra isə sərhədin digər hissəsinə keçirlər. Paşinyan bununla delimitasiya  işinin xüsusiyyətinə uyğun olaraq Azərbaycan tərəfilə oturub sərhədi hissə-hissə razılaşdırıb təsdiqləməyə hazır olduğunu demək istəyib.  Azərbaycan Ermənistan sərhədi min kilometrdən artıqdır. Hamısını birdən-birə delimitasiya etmək mümkün deyil. Elə hissələr var ki, mübahisə  yaratmır və ona görə də asan razılaşdırılacaq. Elə də hissələr var ki, mübahisə dərindir. Ona görə də onların razılaşdırılması müəyyən vaxt aparacaq".

Paşinyanın anklavlarla bağlı dediklərinə gəlincə, həmsöhbətimiz anklav kəndlərinin qayıtmasının qeyri-mümkün olduğu qənaətindədir:

"Əvəzində iki ölkə həmin anklav kəndlərin əraziləri boyda torpağı bir-birinə güzəştə gedə bilər. Yəni ərazi mübadiləsi aparıla bilər. Sahə baxımından nə Ermənistan, nə də Azərbaycan itirməyəcək".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında Ermənistanın Azərbaycanla hər bir region üçün ayrıca delimitasiya variantına razı olduğunu deyib. Onun sözlərinə görə, İrəvan sərhədin hər bir hissəsinin xəritədə əks olunması variantının əleyhinə deyil. 

Paşinyanın fikrincə, delimitasiya üçün iki variant var: "Onu bütün sərhəd boyunca və ya hər bir hissə boyunca aparmaq". 

Paşinyan çıxışı zamanı anklavlar məsələlərinə də toxunaraq onun son mərhələdə həll olunmasını istəyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->