Dünya 13:45 26.01.2023

Zərdüşt Əlizadədən Putinin ideoloquna cavab: "Rusiya özü dünyadan silah dilənir"

"Duqin heç kəs və heç nədir. Onun Rusiyanın siyasi həyatında nüfuzu, təsir imkanları yoxdur. Ona görə də Kremldə onun dediklərinə heç kim əhəmiyyət verməz".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya filosofu Aleksandr Duqinin Almaniyanın Ukraynaya "Leopard 2” tankını verməklə bağlı razılaşmasına cavab olaraq "Putin Venesuela və Kubaya silah, İrana isə atom bombası verməlidir” fikrinə münasibət bildirərkən deyib.
 
Politoloq bildirib ki, Rusiyanın hazırda başqa ölkələri silahlandırmaq imkanı yoxdur:


 
"Rusiyanın indiki vəziyyətdə başqa ölkələri silahlandırmaq imkanı olsaydı, Azərbaycan atalar sözündə deyildiyi kimi, "əli yağlıdır, çəksin başına”. Rusiya öz ordusunu indi tam silahlandıra bilmir. Onun nəticəsidir ki, İrandan dron, Şimali Koreyadan top və top mərmisi alır. Rusiyanın hazırda başqa ölkələri silahlandırmaq imkanı yoxdur. 

İrana atom silahının verilməsinə gəlincə, Moskva ilə Tehran arasında zahirən əməkdaşlıq olsa da, unutmayaq ki, tarixən və aradan qaldırılması mümkün olmayan dərin ziddiyyətlər mövcuddur. Rusiya heç zaman İranı atom silahı ilə silahlandırmaz. Bu barədə səslənən fikirlər boş söhbətlərdir və ona fikir vermək lazım deyil”. 

Qeyd edək ki, şovinist fikirlərlə çıxış edən rus filosofu Aleksandr Duqin Almaniyanın Ukraynaya "Leopard 2” tankının göndərilməsinə cavab olaraq Putinin Venesuela və Kubaya silah göndərməsini, İrana isə atom bombası verməsini təklif edib. Bu barədə İsrail kəşfiyyatına yaxın "Terror Alarm” adlı "Twitter" hesabında məlumat yayıb. 

Rüfət Sultan