Amal Abuşov
İdman 16:22 17.11.2022

“Zirə”, topu tut...

Gözünüz aydın olsun, AFFA tərəfindən Peşəkar Futbol Liqasına 630 ədəd top verilib. Peşəkar Futbol Liqası da həmin o topların 30 dənəsini özünə saxlayacaqmış. Qalan toplar isə Misli Premyer Liqasının təmsilçiləri və birinci divizion komandaları arasında paylaşılacaq. Elita təmsilçilərinin hər birinə 30 top çatacaqmış, aşağı liqanın təmsilçilərinə isə 10 top az çatacaq. Yəni, hərəsinə 20 top. Xoşbəxtlik üçün bundan artıq nə lazımdır?!

Bu barədə informasiya AFFA-nın rəsmi saytında yer alıb. Ondan sonra da ölkənin xəbər saytları məlumata öz xəbər lentlərində yer veriblər. Düşünürəm ki, ölkə futbolunun həyatında xeyli ciddi hadisədir. Bundan sonra futbol oynamamaq, futbolçu yetişdirməmək üçün bəhanəyə əlyeri qalmadı. Adama deyərlər ki, futbol oynamağa nə lazımdır? Yumru top və düz meydança. Topunuzu AFFA verdi, pis-yaxşı hərənizin də bir yaşıl meydançanız var. Gedin topunuzu ora-bura vurun, futbolçular həmin topları qabağına qatsınlar, yorulana qədər qaçsınlar. Azərbaycan futbolunun bütün problemləri həll olunub. Bundan sonra şikayətlənmək heç də yerinə düşməz.

Problemləri unudun, bir daha dilinizə gətirməyin. Gəncə stadionu qəzalı vəziyyətdədir. O boyda şəhərin stadionunun tribunaları çökür. Buna görə də Fövqaladə Hallar Nazirliyi orda oyun keçirməyə icazə verməmişdi. Sonra gördülər ki, "Kəpəz” ev oyunlarını da səfərdə oynayır, bir ətək pul xərclənir. Belə getsə kluba ayrılan büdcə vaxtından əvvəl xərclənəcək, cibə qatlamağa pul qalmayacaq. Ona görə də "Kəpəz”in rəqiblərini Gəncədə qəbul etməsinə icazə verdilər. Bir şərtlə ki, azarkeşlər məhdud sayda olacaq, tribunaların yuxarı yaruslarına ağırlıq salmayacaqlar. 
Premyer Liqanın qarşılaşmalarını televiziyadan izləyənlər ortaya necə acınacaqlı mənzərinin çıxdığını görürlər. Tribunalar qəzalı, stadionda elektrik enerjisi yox, işıqlar generatorun köməyi ilə yanır. Hamam otaqları əraziyə gətirilmiş konteynerlərdə, futbolçular elə həmin konteynerlərdə də paltarlarını dəyişirlər. Çox da böyük şey olubmuş, biz dözümlü adamlarıq, dözərik.

"Turan Tovuz”un stadionunun ot örtüyü sünidir. Bu yaxınlarda ora səfər edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bundan şikayətlənmişdi. Çalışdırıcı öz futbolçusu Marko Veşoviçin ağrılarını unudub, "Turan Tovuz”un 7 futbolçusunun zədədən əziyyət çəkməsini dilə gətirmişdi. "Şamaxı”nın stadionu da eyni gündədi. Orda da "Qarabağ” Filip Ozobiçi itirdi. Elə "Şamaxı”nın qol ümidlərindən olan Amil Yunanov da isti havada, süni örtük üzərində keçirilən oyunda zədə alıb, uzun müddətə sıradan çıxıb. Stadionda süni işıqlandırma olmadığına görə PFL məcbur qalıb "Turan Tovuz”la "Şamaxı”nın oyununu günorta saatlarında keçirirdi. Adamın daha çox futbolçunun zədələnməməsinə, kiminsə özündən getməməsinə görə şükür etməyi gəlir, Amil Yunanov bizdən inciməsin. Çünki belə işlərin fəsadları daha ağır ola bilərdi...

Eh, mən də nəyi qoyub, nəyi axtarıram? Ölkə futbolu xirtdəyəcən problemlər içindədir, amma biz bunları heç də faciəyə çevirməməliyik. Canni De Byazinin rəhbərliyi ilə millimiz ardıcıl 4 oyunda qələbə qazanıb. Nədən şikayətlənirik? AFFA klublara top paylayıb, gedək top-top oynayaq. Topu tutun, əziz klublarımız!

Amal Abuşov