Aqşin YENİSEY
Ölkə 13:25 29.11.2022

Azərbaycan dili intiharın astanasında

"İpəzor” sözünün icadından sonra dilci alimlərimiz bu dəfə də "dovşan” sözü üzərində apardıqları orfoepik konsultasiya ilə gündəmə gəldilər. Əlbəttə, dilci alimin işi söz yaratmaq, yaxud yaranmış sözün təkimilləşdirilməsi ilə məşğul olmaqdır. Bu, öz yerində! 

Ancaq bu gün ölüm ayağında olan Asiya dilləri ilə eyni aqibətə yürüyən Azərbaycan dilinin müzakirə olunası o qədər problemləri var ki, "dovşan” sözünün fonetik təhlili o problemlərin yanında dovşanalmasdır. 

Tələffüz qaydaları dilin yalnız şifahi funsionallığını tənzimləyir. Dil yalnız ünsiyyət vasitəsi kimi istifadə olunanda bu qaydaların əhəmiyyəti var. Nitq adlanan dilin bu səthi qatına ədəbiyyat, elm, fəlsəfə çox nadir hallarda müraciət edir ki, Azərbaycan dilinin də günümüzdəki problemləri elmi, fəlsəfi, texnoloji söz ehtiyatı baxımından qıtlıq çəkməsindədir.   

Son yüz il də Azərbaycan dili müstəmləkəçilik siyasətinin nəticəsi olaraq ünsiyyət vasitəsi olaraq ancaq məişətdə qorunub saxlanıldı. Elmi, fəlsəfi, texnoloji əsərlərə çıxış yalnız rus dili vasitəsilə mümkünləşdi. Nəticədə Azərbaycan dili elmi, texnoloji, fəlsəfi özəlliyini yarada bilmədi. Mədəniyyətin inkişafından geri qaldı.  

Və bugünkü mənzərə: 
 
Elmimiz yoxdur, çünki dilimizin elmi bazası yoxdur!

Fəlsəfəmiz yoxdur, çünki dilimizin fəlsəfi bazası yoxdur!

Texnologiyamız yoxdur, çünki dilimizin texnoloji bazası yoxdur! 

Ədəbiyyatımız yoxdur, çünki dilimizin ədəbiyyat yaratmaq üçün yuxarıdakı bazaları yoxdur! 

Atdan, eşşəkdən yazmaq bu gün dünyada ədəbiyyat sayılmır. 

İlk dil açan insandan sonra inkişaf, yenilik təfəkkürə dil, yəni sözlərlə kodlaşdırılmış anlayışlar vasitəsilə daxil olur. Başlanğıcda anlayışlar vardı, onu ifadə edən söz, kod, yəni dil yox idi. Allah vardı, "allah" kəlməsi yox idi. Dilə daxil olan allah kodu mədəniyyəti yaratdı. Çünki dil təfəkkürdə təsəvvürü yaratdı. İnsan dil vasitəsilə təfəkküründə allah anlayışının müxtəlif təsəvvürlərini canlandırdı. 

Sözlər yaranır, ölür, anlayışlar isə qalır. Təfəkkürümüzdə müasir anlayışların yeri boşdur, çünki dilimiz onları kodlaşdıran, təsəvvürünü yaradn sözləri kəşf etməyib.  

Bu gün intellektual imkanları məhdud olduğu üçün Azərbaycan dili müasir inkişafın təsəvvürünü təfəkkürümüzdə yarada bilmir, ona görə o boşluğu şifahi dilin, nitqin köhnəlmiş elementləri dərhal doldurur. 

Bu gün sevilən ədəbiyyatımız da şifahi dilin imkanları ilə yaradılan ədəbiyyatdır. Halbuki o da bərbad vəziyyətindədir. 

Məsələn, siz bu gün romanınızda şeytanın qıçını sındırıb bir-birini sevən iki Azərbaycan gəncinin seks səhnəsini canlandırmaq istəsəniz dilimizin adi seksual potensialının olmadığı gerçəkliyi ilə qarşılaşacaqsınız. Mövcud potensialı da yataqda kullansanız, loru dildə desək, ya qız oğlanın üzünə tüpürəcək, ya oğlan qızı bıçaqlayacaq.  

Hətta mən bir yazımda yarızarafat-yarıcıddı yazmışdım ki, Leyli və Məcnunun qovuşa bilməməsinin səbəbi sinfi bərabərsizlik deyidi, linqvistik kaçıblıq idi. Füzulinin (qadını şərin bədəni kimi görən, kişini ona bulaşmamağa çağıran İrfan fəlsəfəsinin) dilində bu qovuşmanı gerçəkləşdirən sözlərin olmaması idi. Leyli və Məcnun dilimizin seksual kasıblığı ucbatından qovuşa bilmədi. Seksual potensialı olmayan dilimiz imkan vermədi ki, o iki gənc qovuşun. Çünki qovuşmaq üçün irfani təfəkkürmüzdə kodlar yox idi. Dilimiz buna görə Leyli və Məcnunun xoşbəxt çütlük obrazını təsəvvürümüzdə yarada bilmədi. Füzuli də təsəvvür şairi idi, gözünü gerçəkliyə yumub yazırdı. İrfani dilin təfəkkürümüzə sözlər vasitəsilə yerləşdirdiyi kod (anlayış) isə Füzulidən gəncləri ayırmağı tələb edirdi.            

Azərbaycan dilinə müasir elmin, texnologiyanın, fəlsəfənin kodlarını daxil etmək lazımdır. Yığışıb bunu necə etməyin yollarını müzakirə etmək lazımdır. Dovşana şaxqulaq da demək olar bədəbəddə…
 
Aqşin Yenisey