Siyasət 15:24 01.12.2023

“Azərbaycan millətlərarası münasibətlərin inkişafına töhfə verir” – Hikmət Babaoğlu

(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)

Azərbaycanda dini və milli tolerantlıq hökm sürdüyü kimi, millətlərarası münasibətlər sahəsində də ölkəmiz dünyaya örnək olacaq bir səviyyədədir. Bununla bağlı millətlərarası münasibətlər, mədəniyyətlərarası dialoqun formalaşdırılması istiqamətində uzun illərdir davamlı işlər aparılıb. Azərbaycan Respublikası ölkə daxilində, milli, etnik-mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara eyni münasibət göstərməklə onlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətlərini yaratdığı kimi, eyni münasibətləri beynəlxalq müstəvidə müxtəlif millətlərə, mədəniyyətlərə və sivilizasiyalara mənsub olan dövlətlər arasında təbliğ etməklə, onlar arasında dialoqun inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirir.

 Azərbaycanın Qərb və Şərq sivilizasiyaları arasında əlaqələrin formalaşmasında əhəmiyyəti olduqca böyükdür.

Azərbaycan Prezidenti İlham Əliyevin ideya müəllifi olduğu "Bakı prosesi” təkcə ölkə daxilində deyil, bütün dünyada müsbət reaksiyalar doğurub. "Bakı prosesi” ideyasını ilk dəfə Azərbaycan Prezidenti tərəfindən 2008-ci il 2-3 dekabr tarixlərində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsilə yeni bir formatın əsası qoyulub. Konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.

2009-cu ildə Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. Bundan başqa, 2010-cu ildən başlayaraq, iki ildən bir Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya Azərbaycanın dünya miqyasında millətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən danışıb.
 


O qeyd edib ki, qloballaşan dünyada dövlətlər və millətlərarası münasibətlər əslində beynəlxalq münasibətlərin keyfiyyətini müəyyənləşdirir: 

"Son illər Azərbaycan həm ikitərəfli əlaqələr, həm də çoxtərəfli beynəlxalq təşkilatlarla birgə fəaliyyət kontekstində bu münasibətlərə böyük töhfələr verir. Dünya getdikcə qloballaşır və ayrı-ayrı dövlətlərin bir-birilə qarşılıqlı şəkildə asıllığı yaranır. Bu həm iqtisadi, həm də mədəni sferada baş verir. Sevindirici haldır ki, Azərbaycan son bir neçə ildə həyata keçirdiyi mühüm fəaliyyətilə bu prosesə həm iqtisadi, həm də siyasi kontekstdə böyük töhfələr verib. İqtisadi layihələr gözümüzün qarşısındadır. Dünya səviyyəsində millərlərarası münasibətlərin möhkəmlənməsində bu amilin də xüsusi rolu vardır. Azərbaycanın həyata keçirdiyi enerji, kommunikasiya layihələri, Xəzər hövzəsi ölkələrinin karbohidrogen ehtiyatlarının Avropaya çıxarılması layihələri və digərləri prosesdə mühüm əhəmiyyət kəsb edib”. 

Deputat bildirib ki, Azərbaycan son illər fəal humanitar diplomatiya həyata keçirir: 

"Özünün multukulturalist siyasəti, universal dəyərlərin təbliğ olunması, milli dövlətlərin maraqlarının önə çəkilməsi və dünyada etnik separatçılıq, işğal faktından, koloniya siyasətindən əziyyət çəkən ölkələrin hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb və atır. Bu yaxınlarda Azərbaycanda "Bakı prosesi” adlanan Qoşulmama Hərəkatına üzv ölkələrin yeni prosesinə start verildi. Burada vaxtilə Fransanın müstəmləkəsi olan ölkələrin hüquqlarının qorunmasına geniş yer verildi ki, bu da beynəlxalq və millətlərarası münasibətlərdə tamamilə yeni bir keyfiyyət mərhələsi yaratdı. Eyni zamanda, mədəni sfera, mədəni əlaqələrin dərinləşməsi istiqamətində də Azərbaycan böyük addımlar atıb. Azərbaycan çoxsaylı ölkələr arasında idman, mədəni və humanitar əlaqələrin inkişaf yolunda yeni platformalar yaradıb”. 

H.Babaoğlunun fikrincə, millətlərarası münasibətlərdən danışarkən Azərbaycanın həyata keçirdiyi turizm və idman layihələrini də qeyd etməliyik:
"Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi edib. Həmçinin, ölkəmizdə İslam Həmrəyliyi Oyunları da keçirilib. Nəticə etibarı ilə bu həm Azərbaycanın millətlərarası münasibətlərə verdiyi töhfə, həm də ölkəmizin maraqlarının təmin olunması kimi qiymətləndirilə bilər”.

Rüfət Sultan
  
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.