Siyasət 13:22 20.02.2024

Azərbaycan və Türkiyə vahid ordu qura bilərmi? (ŞƏRH)

Ötən gün Ankarada rəsmi səfərdə olan Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra bəyan edib ki, iki ölkə arasında işbirliyinin önəmli istiqaməti hərbi sahədə əməkdaşlıqdır: "Bizim ordularımız bir yumruq anlamına gəlir".

Dövlət başçısı qeyd edib ki, II Qarabağ savaşı və 5 ay əvvəl keçirilən antiterror tədbirləri bir daha Türkiyənin ordu modelinini Azərbaycanda artıq tam oturuşduğunu göstərdi. 

Prezidentin adıçəkilən açıqlamasını bəzi araşdırmaçılar Turan Ordusunun yaranmasına çağırış kimi dəyərləndiriblər.

Siyasi şərhçi Xəqani Səfəroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yeni ordu modelinə keçməsi bu gün dünyadakı təhlükəsizlik məsələləri ilə bağlıdır:



"Türkiyə ordu modeli əsasında qoşunların yenidən qurulması son 30 ildə bu yöndə gedən prosesin yekunudur. Müstəqil Azərbaycana miras qalmış rus-sovet hərbi sistemi bir çox parametrlərinə görə çağdaş hərbi və təhlükəsizlik prioritetlərinə cavab vermir. Çevik reaksiya bölmələrinin azlığı, az hazırlıqlı əsgər birləşmələri komanda-qərargah sistemi üçün idarəetmədə problemlər yaradır. Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra orduda Türkiyə hərb modelini tətbiqinə başlaması çox ciddi addımdır. MDB məkanında NATO sistemini öz ordusuna tətbiq edən dövlət yoxdur. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Türkiyə modeli yeni silah sistemlərini orduya daxil etmək, əsgər hazırlığının və idarəetmənin yeni qaydaları, müqaviləli ordu sistemi üçün fürsətlər deməkdir".



Ekspert vurğulayıb ki, bu da öz növbəsində çevik və güclü ordunun yaradılmasına töhfələrini verəcək:

"Bütün bunlar Türkiyə ilə vahid ordu anlamına gəlmir. Burada söhbət hərbi müttəfiqlikdən gedir. Belə qarşılıqlı yardım isə hər  iki dövlətin imzaladığı Şuşa Bəyannaməsində öz əksini tapıb. Azərbaycan türk dövlətləri ilə əlaqələrini Türk Dövlətləri Təşkilatı vasitəsilə koordinasiya edir. Bu təşkilatın aparıcı ölkələri Türkiyə və Azərbaycandır. TDT daha çox iqtisadi prioritetlərə söykənərək yeni logistik şəbəkənin yaradılmasını hədəfləyib. Asiya bazarları uğrunda gedən logistika savaşı bu  ölkələri dünya siyasətinin mərkəzinə gətirməkdədir. Bu baxımdan, TDT-nin oynayacağı rol aktualdır. Türkiyə ilə ordu modeli türk dövlətləri üçün də maraqlı təcrübə ola bilər. Amma bu o qədər də asan deyil. MDB-nin türk dövlətləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Ən böyük ölkə olan Qazaxıstan isə Avrasiya İttifaqının təsisçisi və üzvüdür. Avrasiya İttifaqının isə hərbi prioritetləri fərqli müstəvidədir. Amma bütün hallarda Azərbaycanın türk ordu modelinə keçidi postsovet məkanında yeni hadisədir. Bu hərbi model gələcəkdə TDT-nin antiterror əməliyyatları üçün çevik reaksiya birləşmələrinin yaradılmasında istifadə oluna bilər". 

Xaqani Səfəroğlu qeyd edib ki, Türkiyə ordusu dünyanın ən dinamik və hərbi cəhətdən güclü ordusudur:

"Bu ordu NATO-nun çoxsaylı silahlı qüvvəsi olmaqla ən yeni hərbi yeniliklərə, texnoloji inkişafa və modern silahlara malikdir. Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığı yeni potensialını ortaya qoyacaq, onu bölgədə əsas söz sahibinə çevirəcək".

Siyasət şöbəsi