Siyasət 14:30 24.03.2023

Ermənistanın Azərbaycana göndərdiyi bu təklifin arxasında hansı niyyət dayanır?

"Paşinyan iqtidarının bu ismarıcı əslində onun Qərbdəki himayədarları tərəfindən irəli sürülən təkliflər və Bakı ilə Moskva arasında gərginlik yaratmağa hesablanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın İrəvanın sülh müqaviləsi üzrə danışıqlar çərçivəsində Bakıya ünvanladığı təkliflərinin açıqladığı bəzi detallarını şərh edərkən deyib.

"Məlum nəqliyyat dəhlizlərinin açılması fonunda Ermənistanla Rusiya arasında dəmir yolu xətləri Azərbaycan ərazisi vasitəsilə reallaşacaq. Bu da region dövlətlərinin marağına cavab versə də, Rusiyanın Ermənistan iqtisadiyyatına təsir imkanlarının artması rakursunda Qərbin maraqlarına cavab vermir. Ona görə də Qərb bölgədəki təmsilçisi vasitəsilə həmin layihələrin həyata keçməsinə bütün vasitələrlə maneə olmağa çalışır. İrəvanın da bu mənada mövqeyi Moskvanın təsir imkanlarının məhdudlaşdırılmasına hesablanıb. Bu mənada Mirzoyanın kommunikasiyalar və marşurutlarla bağlı səsləndirdiyi fikri ona hesablanıb ki, Azərbaycan həmin ərazinin Ermənistana aid hissəsində səlahiyyətin İrəvana aid olduğunu dilə gətirməklə Rusiyanı vursun. Bu yolla da çalışırlar ki, Bakı ilə Moskva arasında narazılıq yaratsınlar”, deyə politoloq bildirib.
 
Həmsöhbətimizin fikrincə, sərhədlərinin demilitarizasiyasını həyata keçirmədən dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımaqla bağlı mövqedən çıxış etmək beynəlxalq hüquq baxımdan bir qədər anlaşılmaz təsir bağışlaya bilər: 

"Sərhədlər dəqiq müəyyənləşməlidir ki, onun əsasında da dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanısınlar”. 

Ekspert qeyd edir ki, silahsızlaşdırılmış zonanın yaradılması barədə İrəvanın mövqeyi isə zamanında Ermənistanın Qarabağ probleminin həlli istiqamətində irəli sürdüyü təkliflərə oxşayır:

"O vaxt İrəvan Qarabağ hüdudlarından kənarda işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması məsələsində də anoloji mövqedən çıxış edirdi. İrəvan Qarabağdan kənarda olan həmin ərazilərə bufer zonası kimi baxırdı. İndi də anoloji təklifi irəli sürməklə Ermənistan növbəti dəfə danışıqlar prosesində ikili standartlarna çıxış etdiyini göstərir. Bakı İrəvanın bu təklifini qəbul etməyəcək. Çünki bu Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verməyən tendensiyanın yaranmasına gətirib çıxara bilər”. 

Politoloq deyir ki, Mirzoyanın nəqliyyat dəhlizilə bağlı verdiyi bəyanat bir sıra hallarda İranın bu istiqamətdə verdiyi bəyanatla üst-üstə düşür: 

"Tehran bəyan etmişdi ki, İranla Ermənistan afrasında sərhədə bu və ya digər şəkildə təsir göstərəcək layihələri qəbul etməyəcək. Eyni mövqedən indi İrəvan çıxış edir. İrəvanın nəqliyyat dəhlizlərinin açılmasına beynəlxalq təhlükəsizlik zonalarının yaradılması müqabilində razılıq verəcəyini bildirməsi, əslində, danışıqlarda qeyri-müəyyənliyə xidmət edəcək amildir”.  

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh müqaviləsinin bağlanması üzrə danışıqlar çərçivəsində Bakıya ünvanladığı təkliflərlə bağlı bəzi detalları açıqlayıb. Nazirin dediyinə görə, Ermənistanın təkliflərindən biri delimitasiya meyarlarının dəqiqləşdirilməsidir. İrəvan əmindir ki, dəqiq delimitasiya meyarları olmadan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında danışarkən nəyi nəzərdə tutduğunu anlamaq mümkün deyil. 

Növbəti təklif silahlı qüvvələrin sərhədyanı ərazilərdən çıxarılması və etimad və təhlükəsizlik mexanizmi kimi silahsızlaşdırılmış zonanın yaradılmasına aiddir. Bu problemin həlli, erməni nazirin fikrincə, mümkün eskalasiyanın qarşısını alacaq. Xarici işlər naziri danışıqların üç istiqamətini göstərib: bütün regional kommunikasiyaların açılması, delimitasiya və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında sülh münasibətlərinin qurulması haqqında saziş. O, əmin edib ki, Azərbaycan marşrutların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğunu bəyan etməyə başlayanda Ermənistan kommunikasiyaları blokdan çıxarmağa hazır olacaq.

Rüfət Sultan