Asif Nərimanlı
Siyasət 18:57 17.11.2022

Fransanın bəşəriyyətə qarşı ağlasığmaz cinayətləri - FAKTLAR

Fransa Senatı məlum qətnamədə irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1969-cu il 4 yanvar tarixli Konvensiyaya, eləcə də BMT-nin Nizamnaməsinə istinad edərək, Azərbaycanı hərbi cinayətlərdə ittiham edir. Absurd, bir o qədər də gülüncdür.

Utanmasan, Fransa olmağa nə var ki...

Tarixi soyqırımılarla, hərbi cinayətlərlə, işğalçılıq siyasəti ilə yazılan Fransanın torpaqlarını işğal etmiş işğalçı ilə mübarizə aparan Azərbaycana qarşı bu ittihamı irəli sürməsi, elə tarixin ironiyası hesab edilə bilər.

Dünyanın 50-dən çox dövlətində 50-dən çox xalqının qanına Fransanın əli bulanıb: işğal edib, sərvətlərini dalayıb, xalqları əsarətdə saxlayıb, qətliamlar, soyqırımılar, müharibə cinayətləri törədib.

Tarix heç nəyi unutmur.

1830-1962-ci illər ərzində Fransa işğalında olan Əlcəzairdə bütün təbii sərvətlər talan olundu, insanlar kölə olaraq satıldı. 1954-1962-ci illərdə Əlcəzairin müstəqillik müharibəsi soyqırımı ilə nəticələndi. Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirdi. Təkcə 1945-ci ilin 8 mayında Fransa ordusunun Setif, Quelma və Karatta bölgələrində nümayişlərə havadan və qurudan hücumu nəticəsində 45 min insan öldürüldü, 5 minə yaxın adam həbs olunub, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edildi. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb.

1832-ci ildə El-Uffia qəbiləsinin gecə yatdığı yerdə fransız hərbçiləri tərəfindən qılıncdan keçiriməsi, qadınlar və uşaqlar da daxil olmaqla 12 min adamın qətlə yetirilməsi də Fransanın bəşəriyyətə qarşı törətdiyi dəhşətli cinayətlərdəndir.

Əlcəzairin prezidenti Əbdülməcid Tebbun bildirir ki, "Fransa Əlcəzair xalqının yarısını məhv etdi”.

Dövrün "La Croix” jurnalının müxbiri Jacques Duquesne yazırdı: "İşgəncələr, insanların yoxa çıxması əsas problem idi. Kişilər, bəzən də qadınlar həbs olunur, daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlər daş bağlanaraq dənizə atılırdı. Dənizə atılan belə cəsədlərin sayı 5 minə yaxın idi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi.

Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə, demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu çəlləyə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı vəziyyətdə saxlanılırdı. Bunlar, hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim”.

1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Fransa nüvə sınaqlarının və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır.

Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb və həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan, müttəfiqi Fransanın ənənələrini davam etdirir.

Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət belə verməkdən imtina edib.

1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib. Bu hadisə tarixə "Sena qətliamı” kimi daxil olub. Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib, bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib. Eyni şəkildə Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma həyata keçirib.

Fransa, işğal etdiyi Cibuti, Nigeriya və Çadda da eyni əməllər törədib. Xalqın islam təhsili alması qadağan edilib, məscid və mədrəsələr dağıdılıb, müsəlman alimləri həbs edilib, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilib. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələyiblər. Bu hadisə tarixə "elm adamlarının soyqırımı” kimi həkk olunub;

XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə "Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab veriblər. "Bizert böhranı” nəticəsində 5 minə yaxın tunisli öldürülüb.

Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, "Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb.

1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub.

2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilib.

Fransanın Afrikadakı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri də insan alveri idi. 1939-cu ildə Qabon torpaqlarını portuqaliyalılardan satın alan Fransa Atlantik okeanın sahillərində qul bazarı yaratdı: yerli əhalinin boğazına zəncir vurulur və bazarda satışa çıxarılırdı. Eyni qətliamlar Kamor adalarında da davam etdirildi. Müsəlman əhalinin dini məcburi dəyişdirilir, İslama aid bütün izlər məhv edilirdi.

Bütün bunlar Fransanın bəşəriyyət tarixinə bəxs etdiyi qanlı mirasdır.

Asif Nərimanlı