Dünya 13:10 28.03.2024

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır (ŞƏRH)

"Crocus City Hall"da baş verən terror aktından sonra Kreml Mərkəzi Asiyanı hədəf seçə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Sahib Kərimli deyib. Ekspert vurğulayıb ki, terrorun arxasında dayanan güclərin müxtəlif maraqları ola bilər:

"Müasir dünyada belə əməliyyatlar bir neçə məqsədə hesablanır. Moskva ətrafındakı terror olayı fonunda düşünürəm ki, Orta Asiya hədəf kimi seçiləcək. Rəsmi məlumatlarda deyilir ki, "Crocus Siti Hall"dakı olayı həyata keçirənlərin əksəriyyəti Tacikistan vətəndaşları olublar. Bu amilin qabardılmasını da təsadüfü hesab etmirəm. Rusiyada müvəqqəti yaşayan Tacikistan və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı sərt addımlar ataılıa bilər. Rusiya cəmiyyətində Mərkəzi Asiyadan gələnlərə aqressiya hissi formalaşdırılır. Bütün bunlar Tacikistan vətəndaşlarının Rusiyadan departasiyasına gətirib çıxara bilər. Bu baş verərsə qarşı tərəfin də cavab addımları olacaq".

Sahbl Kərimli bildirib ki, müasir dünyada böyük dövlətlərin dəstəyi olmadan heç bir terror təşkilatı mövcud ola bilməz:

"Onlar kəşfiyyat qurumlarının dəstəyi olmadan bu tip terror hadisələrini törədə də bilməzlər. Artıq dünya gücləri arasında hibrid müharibə başlayıb. Onun çeşidli elementlərini kiber hücumlar, terror hadisələri, proksi qüvvələrdən istifadə edilməsi fonunda müşahidə edirik. Baş vermiş hadisə fonunda gələcək dönəmdə Rusiya Ukrayna müharibəsinin miqyasının genişlənməsini də görə bilərik". 

Rüfət Sultan