Xəbər lenti

Ekonomiks 13:36 26.04.2024

Ölkəmizdə "tripartizm" münasibətləri hələ formalaşmayıb - Ekspert

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)

Azərbaycanda bazar iqtisadiyaytının yaradılması ilə dövlət müəssisələrilə yanaşı, çoxsaylı özəl müəssisələr də yaradılıb. Bu müəssisələrdə çoxsaylı işçi kollektivləri çalışır. Bu zaman əsas məsələlərdən biri də həmin işçilərin hüquqlarının təmin edilməsidir. 

Ölkəmizdə işçilərin hüquqlarının müdafiəsi istiqamətində də bir sıra qanunlar qəbul edilib. İşəgötürənlər həmin qanunlara əməl etməlidirlər. Lakin hələ də əksər hallarda işəgötürənlə işçilər arasında münasibətlər normal müstəvidə tənzimlənmir. Sahibkarlar işçilərinin hüquqları məsələsinə əksər halda biganə yanaşmaqda davam edirlər.  

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda işçilərin hüquqlarının pozulması halları işəgötürənin öz işçisinə tərəfdaş, sosial partnyor kimi yanaşmamasından qaynaqlanır: 



"Beynəlxalq Əmək Təşkilatının "tripartizm” siyasəti var. Bir tərəfdə dövlət, o biri tərəfdə işəgötürən, üçüncü tərəfdə isə işçi olur. Təbii ki, onları təmsil edən həmkarlar ittifaqları, sahibkarlar assosiasiyaları da var. "Tripartizm” siyasətinə görə, hər üç tərəf sosial dialoq tərəfdaşıdır. Yəni onlar bir-birilə tərəfdaş olmalıdır. 

Azərbaycanda isə işəgötürən hələ də işçisinə tərəfdaş, sosial partnyor kimi yanaşmır. Əksinə, bəzi hallarda qul kimi baxırlar. Bu da ondan xəbər verir ki, ölkəmizdə "tripartizm” münasibətləri hələ formalaşmayıb. Əlbəttə ki, bunu bütün iş yerləri, bütün biznesə aid etmək olmaz. Mükəmməl sosial tərəfdaşlığın hökm sürdüyü qurumlar da mövcuddur. Özəl sektorda da bir sıra hallarda müasir tələblərə cavab verən, işçisinə sosial partnyor kimi yanaşan, onun qarşısında sosial məsuliyyətini dərk edən məsuliyyətli biznes sahələri var. Bunlar arasında banklar, holdinqlər, hansısa dövlət təsərrüfat subyektləri də var. Yəni hər iki sektorda, həm dövlət, həm də özəl sektorda buna rast gəlinir. Amma təəssüf ki, bütövlükdə əksəriyyəti bu sahədə də axsayır”.

Həmsöhbətimiz qeyd edir ki, sahibkarlar müxtəlif səbəblərdən işçisi ilə sosial tərəfdaşlıqda maraqlı olmur:

"İşəgötürən işçisinə sosial tərəfdaş kimi baxanda onun qayğısına qalmalı, əməyinin mühafizəsini təmin etməli, layiqli əmək haqqı, əlverişli və ədalətli əmək şəraiti yaratmalıdır. Əksəriyyət sahibkar bütün bunlarda maraqlı deyil. Ona görə də sosial tərəfdaşlıq alınmır”. 
Ekspertin fikrincə, nə qədər ki, işəgötürənlərdə korporativ mədəniyyət formalaşmayıb o, işçisilə sosial tərəfdaşlıq münasibətləri yaratmaq niyyətindən qaçmaqda davam edəcək: 

"Bu sahə qanunlarla tənzimlənən deyil. Bu bir korporativ mədəniyyət məsələsidir. Biznes özünün cəmiyyət və işçiləri qarşısında məsuliyyətini dərk etməlidir. Buna məsuliyyətli biznes deyilir”. 

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->