Sağlamlıq 22:43 28.02.2024

Orqan satışı: Xeyirxahlıq, yoxsa "can bazarı"? (ŞƏRH)

Azərbaycanda donor olmaq məqsədi ilə daxili orqanlarını satışa çıxaran şəxslərin sayı artmaqdadır. Onların arasında qaraciyər və böyrək donoru olmaq istəyənlər daha çoxdur. Sosial şəbəkədə donor olmaq istəyən şəxs qaraciyərini 15 min manata satışa çıxarıb. 

Bu məsələ qanunla necə tənzimlənir? 

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, belə elanların verilməsinin özü də qanuna ziddir və bu cür kriminal halların qarşısı alınmalıdır:



"Dünyanın heç bir yerində ata-anadan, bacı-qardaşdan, doğma insanlardan orqan götürmək zərurəti və tələbi yoxdur. Çünki heç kim heç kimə orqan borclu deyil. Onun üçün dünyada qəbul edilən bir sistem var. Orqan beyin ölümü keçirtmiş cavan və xüsisi ilə də xəstəlikləri olmayan praktiki sağlam şəxslərdən götürülür". 

Adil Qeybulla qeyd edib ki, bu proses bütün dünyada bir qaydaya salınıb:

"Beyin ölümü keçirən insanların yaşam prespektivi olmadığından onların valideynləri bunu dərk edirlər. Əgər tibbi komissiya bu cür rəyə gəlibsə, əlbəttə həmin şəxs  donor qismində çıxış edə bilər. Düzdür, bizdə psixoloji olaraq əhali buna hazır deyil. Amma bütün dünyada bu uğurla həyata keçirilir. Orqan köçürülməsi də bu cür stiuasiyalardan yaranmış donor bankından həyata keçirilir ki, kriminala doğru gedən yolun qarşısı alınsın".
 
Bahar Rüstəmli