Xəbər lenti

Siyasət 17:02 26.04.2024

"Paşinyan "soyqırımı" ifadəsindən imtina edir, bu isə o anlama gəlir ki..." - Ekspert

Azərbaycan və Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir. Bir qədər öncə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə edilmişdi. Bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaqmı?

Siyasi təhlilçi Qorxmaz İbrahimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ermənistan zamanında SSRİ adlı imperiyanın yaratdığı şansdan maksimal yararlanmışdı:

"1920-1991-ci illər arasında Qafqaz Seymi dağılarkən Ermənistan Azərbaycan ərazilərini ilhaq etmişdi. Daha sonra ermənilər soydaşlarımızı öz tarixi vətənlərindən qovdular. Nəticədə bu günkü Ermənistan ərazisində aborigen millətimizdən bir nəfər də qalmadı. İkinci mərhələdə isə müstəqillik dönəmində havadarları vasitəsilə müstəqil Azərbaycanın ərazisinin 20 faizə qədərini işğal etdilər. Ciddi şəkildə təmkinlə hazırlığını görən ölkə rəhbərliyi ordumuzun və xalqın tam hazır olduğunu bildiyindən, 2020-ci ildə azğınlaşmış ermənilərin Bakı-Ceyhan boru kəmərini nəzarətə götürmək həvəsi yarandığı zaman düyməyə basdı. Hərbi-diplomatik gücündən yararlanan dövlətimiz 44 günlük Böyük Vətən savaşı ilə torpaqlarımızın əsas hissəsini azad etdi. Təslim olan düşmən qarşısında net tələblər qoyuldu. İşğal altında olan kəndlərimiz heç bir ön şərtsiz azad edilərək, geri verilsin, Zəngəzur dəhlizi açılaraq, Naxçıvanla ölkənin quru əlaqəsinə şərait yaradılsın, anklav Kərki kəndimiz geri qaytarılsın".



Qorxmaz İbrahimli bildirib ki, arxalarında olan güclər, xüsusən İran və Rusiya bu məsələnin yubanmasının əsas səbəbkarları oldular:

"Hər nə qədər gecikmə bizim işimizə yaramasa da, nəticədə hələ də separatçıların əlində olan Xankəndi və digər ərazilərimiz 2023-cü ilin sentyabrında çox sürətlə, qısa müddət ərzində separatçı və düşmən əsgərlərindən təmizləndi. Xüsusən Fransa və İranın son dönəmlər dəstəyini alan düşmən Qazax rayonunun işğal altındakı kəndlərini azad etməyi gecikdirməyə başladı. Lakin reallığı dəyərləndirərək, Paşinyan kəndlərimizin boşaldılması təlimatını vermək zorunda qaldı. Ümid edirəm, vəd etdikləri vaxta qədər boşaldarlar. Lakin delimitasiya prosesində bizdən də tələb etmək həvəsləri yarandı və Gədəbəyə aid olan vaxtilə azad etdiyimiz tarixi Başkənd ərazimizi geri almaq istəyirlər, əlbəttə heç bir halda bu ərazilərin qaytarılması danışıq mövzusu ola bilməz".
 
Siyasi təhlilçi hesab edir ki, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması və ilkin sülh sazişinin imzalanmasına meyillidir:

"24 aprel günü Paşinyanın çıxışı bunu göstərməkdədir. "Soyqırım" ifadəsini işlətməyən Paşinyanın məclis rəhbəri Azərbaycanla iqtisadi əlaqələrin qurulmasına hazır olduqlarını söyləməsi bunu sübut edir. Lakin Rusiyadan da daha çox dəhlizin açılmasına əngəl olmaq istəyən İran dövlətidir. Bölgədə barışın olmasını istəməyən dövlətlərdən biri olan İranın gizli-açıq həmlələrindən çəkinmədən Azərbaycan hökuməti öz işini görməkdədir. Xüsusən son dörd ildə aparılan başarılı hərbi, diplomatik işlərin bəhrəsi göz önündədir. Hərbdə qazanmış bir türk dövləti masa arxasında da başarılarını davam etdirməkdədir. Bu mənada çox yaxında anklav torpağımızın da işğaldan azad ediləcəyinin şahidi olacağıq. Hesab edirəm ki, Zəngəzur məsələsi geniş anlamda yaxın vaxtlarda həll olunacaq. Ermənistan ilə iqtisadi əlaqələrin qurulması istəyi isə gerçəkdən bizim işimizə yarayır".

Qorxmaz İbrahimli bildirib ki, savaşla Ermənistandakı ərazilərimizi azad etməmizə gərək yoxdur:

"Oraları ağıllı siyasətlə, iqtisadi və diplomatik üsullarla zamanla birgə yaşamağa başlayacağımız torpaqlara çevirməmiz lazımdır. Mənə görə dövlətimizin rəhbərliyinin bu yöndəki addımlarının hər birinin arxasında gələcəyə hesablanmış strateji layihələr mövcuddur".

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı məlumatda bildirilir ki, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar".

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->