Xəbər lenti

Siyasət 20:43 22.04.2024

Rusiyanın Cənubi Qafqaz planı nədir? (ŞƏRH)

"Moskvanın hazırkı hədəfi nəqliyyat kommunikasiya mövzusudur. Rusiyanın reallıqla barışıb sülh sazişi və sərhədin müəyyənləşməsi prosesindən kənar qalması fonunda, nəqliyyat kommunikasiya mövzusu aktuallaşacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Rusiya mətbuatının rus sülhməramlılarının Qarabağdan çıxması və İrəvanın 4 kəndi Azərbaycana qaytarması addımının Rusiya, Azərbaycan və Ermənistan liderləri arasındakı üçtərəfli danışıqlar formatını yenidən canlandıracağı barədə proqnozlarını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Moskva hazırda sülh sazişi və sərhədlərin müəyyənləşdirilməsi məsələsinə diqqət ayırmır:

"Azərbaycanla Ermənistan arasında 3 istiqamət üzrə danışıqlar gedir - sülh sazişi, sərhədlərin müəyyən edilməsi və nəqliyyat kommunikasiyalarının açılması. Bakı ilə İrəvan ikitərəfli formatda sülh sazişilə bağlı danışıqlar aparır. Sərhəd kommisiyası da ikitərəfli müstəvidə fəaliyyət göstərir. Beləliklə, sülh danışıqları və sərhədlərin müəyyən edilməsi mövzusunda hər hansı bir üçüncü tərəfin nə diplomatik səviyyə, nə də yerdə iştirakı mövcud deyil”.
 


Ekspert vurğulayıb ki, Ermənistan tərəfindən həm Aİ missiyası, həm də Rusiya sərhədçiləri var:

”Amma Paşinyan bildirdi ki, Əskipara istiqamətində sərhəd müəyyən edilirsə, orada Rusiya sərhədçilərin qalmasına lüzum qalmır. Beləliklə, sözügedən iki istiqamətdə ikitərəfli format alternativsizdir”. 

F. Məmmədovun fikrincə, hazırda Moskvanın diqqət mərkəzində olan məsələ nəqliyyat kommunikasiyasıdır:

"Nəqliyyat kommunikasiyalarının açılması istiqamətdə isə üçtərəfli komissiya mövcuddur. 2021-ci ilin 11 yanvarında keçirilən üçtərəfli sammitdə baş nazirlərin müavinləri səviyyəsində  belə bir komissiyanın formalaşması qərara alınır”. 

Bu fonda ekspert düşünür ki, Rusiya hazırda üçtərəfli formatın olmasını bütün mövzularda deyil, yalnız nəqliyyat kommunikasiyaların açılması məsələsində israr edir:

"Bu formatla bağlı qərar qəbul edilib, işlək mexanizm mövcuddur. Rusiyanı Ermənistanda nəqliyyat kommunikasiya xətlərinin açılması prosesində inkar etmək mümkün deyil. Çünki Zəngəzur dəhlizinin keçdiyi ərazi Ermənistan-İran sərhədindən keçir ki, buranı da rus sərhədçiləri qoruyur və yaxın 10 ildə də onlar olacaq. Habelə, Ermənistanın dəmir yolları 2034-cü ilə qədər Rusiya şirkətlərinin əlindədir. Belə olan halda, düşünürəm ki, Moskvanın hazırkı hədəfi nəqliyyat kommunikasiya mövzusudur. Rusiyanın reallıqla barışıb sülh sazişi və sərhədin müəyyənləşməsi prosesindən kənar qalması fonunda, nəqliyyat kommunikasiya mövzusu aktuallaşacaq”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->