Hüseynbala Səlimov
Dünya 09:40 05.06.2023

Ya F-16-lar, ya da...

Sanki ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stotenberq biri-birilə yarışa giriblər. Az qala hər gün bəyanatla çıxış edirlər ki, tezliklə İsveç NATO-nun üzvü olacaq. Stoltenberq hətta yaxın günlərdə Türkiyəyə xüsusi səfər etməyi planlaşdırır. 

Hələliksə qeyd edək ki, andiçmə mərasiminin iştirakçıları arasında NATO-nun Baş katibi də vardı. 

Prinsipcə, onları başa düşmək olar. İyul ayına elə də çox qalmayıbdır. Yada salaq ki, iyulda keçiriləcək sammitdə Finlandiyanın və İsveçin Alyansa üzvülüyü birdəfəlik təsbit olunmalıdır. 

Finlandiyanın məsələsi artıq həll olunubdur, İsveçin üzvülüyü isə Türkiyədən və Macarıstandan asılıdır. Bu iki ölkə hələ də Ctokholmun üzvülük protokollarını ratifikasiya etməyibdir. Ankara bunu onunla bağlayır ki, İsveç kürd separatçılarına dəstək verir. Belə bir vəziyyətdə ABŞ nə etməli idi? Əlbəttə, o da İsveçə təzyiq etməli idi ki, terrorçulara dəstəyə son qoysun. Amma Vaşinqton özünü elə aparır ki, sanki Türkiyə hansısa başqa motivlərdən İsveçin protokollarını ratifikasiya etməyi yubadır. Halbuki Finlandiyanın nümunəsində bir daha görmək olar ki, Ankaranın hər hansı başqa motivi yoxdur.

Amma kimə deyirsən? ABŞ Türkiyəyə təzyiq etməkdə davam edir. Türkiyəyə F-16-ları satmağı İsveçin problemilə bağlayır. Əslində isə bir daha aydın olur ki, Petriotlar kimi, Vaşinqton təyyarələrini də Ankaraya satmaq istəmir. 

Bəs görən məsələ necə həll olunacaqdır? Hər şey İsveçdən asılıdır. Bu ölkə bəyan edir ki, artıq onlar Türkiyənin tələbilə bağlı müvafiq qanunu qəbul ediblər. Aydın məsələdir ki, əgər bu, doğrudursa, onda Ankara da məsələni yubatmayacaq və ABŞ-ın da bəhanəsi qalmayacaqdır.
Bilirsiniz, Helsinkinin və İsveçin məsələsi çox məqamları qabartdı. Hazırda Ukraynada amansız müharibə gedir. Qərb bu ölkəni vaxtında NATO-ya qəbul etsəydi müharibə olacaqdımı? Düşünmürük! 

Amma Qərb bunu etmədi. İndi Gürcüstanı qınayırlar ki, bəs Rusiya ilə yaxınlaşır. Gürcülər deyir ki, onların Rusiya ilə ticarət dövriyyəsi iki milyard dollardan artıqdır. Qərb bunu öz üzərinə götürməyə hazırdırmı? Deyirlər ki, yox, gürcü malları Avropa üçün maraqlı deyil! 
Gürcüstanı Avropa İttifaqına namizəd –dövlət kimi qəbul etmədilər, halbuki korrupsiyanın səviyəsi Ukraynada və Moldovada daha çox olub! 
İndi əldən-ayaqdan gedirlər ki, İsveçi və Finlandiyanı NATO üzvü etsinlər! Amma post-sovet ölkələri on illərdir ki, buna çalışır. Fəqət, bir faydası yoxdur...

Bəli, hər yerdə selektiv siyasət, selektiv münasibət! Vaşinqton ikinci ildir ki, böyük demokratiya sammiti keçirir. Amma Türkiyəni ora dəvət etmir. Doğrudanmı Türkiyə Ermənistandan da az demokratikdir? Elə bu günlərdə bitən prezident seçkiləri Türkiyədəki demokratiyanın sübutu olmadımı? 

Biz demirik ki, Türkiyədə ideal demokratiya var. Amma bir daha aydın olur ki, ABŞ-ın mərəzi başqadır. Elə indinin özündə də bir daha deyirik ki, ABŞ bir NATO lideri kimi İsveçə təzyiq etməkdənsə, bunu Ankaraya qarşı edir.

Olsun. Güman ki, bu "geosiyasi düyün” də çox tezliklə həllini tapacaqdır. Fəqət, düşünürük ki, Vaşinqton Ankaraya F-16-ları satmamaq üçün başqa bir bəhanə tapacaq. Ona görə ki, ABŞ-ın Türkiyə ordusunun modernləşməməsində maraqlı olmaması göz önündədir. 

Üstəlik, seçki ərəfəsində ABŞ prezidenti bəyan edirdi ki, Türkiyə siyasətində "Ərdoğan erası”nı bitirməlidirlər! İndi aydın olanı budur ki, ABŞ-ı müsəlman dünyasının hara istiqamət götürəcəyi, hansı nümunəni əsas götürəcəyi qətiyyən maraqlandırmır. Bu ölkə ərəb monarxiyaları ilə özünü daha rahat hiss edir. 

Odur ki, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Həm də bir daha deyirik ki, İsveçlə Finlandiyanın Şimali Atlantika Blokuna üzv olmaq prosesi cəmi bircə il çəkdi. Adam qeyri-ixtiyari olaraq özündən soruşmaq istəyir: NATO üzvü olmaq doğrudanmı bu qədər asandır? Bəs post-sovet ölkələri üçün niyə bu məşəqqətə çevrilibdir?..

Hüseynbala Səlimov