Xəbər lenti

Dünya 17:57 19.04.2024

"Addım-addım daha böyük müharibəyə yaxınlaşırıq" - Politoloq

"Addım-addım daha böyük müharibəyə yaxınlaşırıq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İsrailin İranın İsfahan əyalətindəki hərbi aviabazasına zərbə endirməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Yaxın Şərq böyük müharibə, bəşəriyyət isə III Dünya müharibəsi ərəfəsindədir:

"İsrail estafeti ələ alaraq İrana və onun Yaxın Şərqdəki mövqelərinə zərbələr endirdi. F-35 qırıcı təyyarələri vasitəsilə edilən bu hücumun vurduğu ziyanlar barədə hələlik dəqiq məlumat yoxdur. Eyni zamanda İranın növbəti cavab zərbəsini də proqnozlaşdırmaq indi tezdir. Amma Tehran İsrail hücum edərsə, İranın da sakit dayanmayacağı barədə öncədən xəbərdarlıq edib. ABŞ İsraili cavab zərbəsindən çəkindirməyə çalışması da nəticə vermədi. İndi gözlər İranda, onun növbəti cavabındadır. Yaxın Şərq böyük müharibə, bəşəriyyət isə III Dünya müharibəsi ərəfəsindədir. Addım-addım daha böyük müharibəyə yaxınlaşırıq".
 


Əlimusa İbrahimov qeyd edir ki, İranın cavabı ona vurulan ziyanın həcmindən asılı olacaq:

"İran bu ziyanı əhəmiyyətsiz hiss edərsə, hücum etməyə və ya bu dəfə proksilərdən istifadə etməklə vəziyyəti yoluna qoya bilər. Əgər vurulan ziyanın miqyası böyük olarsa və İran xalqı qisas tələb edərsə, Tehran daha ciddi addım barədə düşünə bilər. Bu dəfə o böyük ehtimalla İsrail və koalisiyanın havadan müdafiə sistemini dəlib keçə bilən silahlardan istifadə edəcək. Birinci hücum zamanı əldə etdiyi təcrübə onun xeyrinə işləyəcək. Amma istənilən halda İrandan və İsraildən gələn məlumatları diqqətlə izləməkdə fayda var. Bu məlumat və bəyanatlar yaxın günlər haqqında mülahizə yürütməyə imkan verəcək".

Qeyd edək ki, İsraillə İran arasında gərginlik səngimək bilmir. ABC telekanalının məlumatına görə, İsrail dünən cavab zərbəsi olaraq İrandakı obyektə raket zərbəsi endirib. İranın "Fars" agentliyi isə İsfahan əyalətində partlayış baş verdiyi ilə bağlı məlumat yayıb. 

Bildirildiyinə görə, raket zərbəsinin hədəfi həmin şəhərdəki hərbi aviabaza olub. Burada şəhid Babai adına 8-ci taktiki aviabaza yerləşir. İranın kosmik agentliyinin nümayəndəsi Hüseyn Dalirianın X səhifəsində yazdığına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçan aparatı məhv edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->