Xəbər lenti

Məqsəd Nur
Ölkə 18:19 25.04.2024

Yenilmiş batalyon

Getdiyin yolda qəsdən Rusiya yönünü seçmək qaranlıq qüruba doğru getməyə qərar verməkdir. Başına hər iş gələ bilər. O qaranlıq yolun bir işıqlı sabahı varmı, inana bilmirəm. 

Rusiya daim zərbələri kürəkdən vururdu. Bütün imperialist güclər belədir. Ağına da nə deyim, qarasına da. Rusiyanın digər imperatorluqlardan əsas fərqi isə onun qaba ordu strukturu idi. Bunu Sovet ordusunda iki il xidmət etmiş, Rusiyanı yaxşıca gəzib-dolaşmış, onu hər mənada oxumağa, dərk etməyə çalışmış birisi kimi deyirəm. 

Mənim Rusiyanı tanımaqlığım çox erkən baş verdi: keçmişə dair bütün sentimental hekayələrimdə olduğu kimi - nənəmlə, yalan danışmayan, hadisələri və insanları böyütməyən insanla, müdrik hekayəçi ilə birlikdə. 

O deyirdi ki, ağqulaqlar (ruslar) adi insanlardır, amma qorxaqdırlar, gəldikləri yerdə də hər şeyi silib-süpürüb aparırlar. Nənəm cəmi-cümlətani bir neçə saatlıq "NKVD" xüsusi briqadasını görmüşdü, təxminən 1932-ci ildə, o da ərini, qayınlarını gözünün qabağında qanına qəltan etdikləri yerdə. Briqada tapşırığı yerinə yetirsin deyə, tərkibi yalnız gənc rus əgərlərdən təşkil edilmişdi, çünki bundan əvvəl gələnlər nənəmin tayfasındakı başıpapaqlıları güllələməkdən ya imtina etmiş, ya da bunu bacarmamışdılar.   

Təxminən, 10-11 yaşım olanda əlimdən tutub məni də hadisələrin baş verdiyi məkana aparmışdı. Lap çəkiləcək filmdə ən önəmli səhnənin rakurslarını quruluşçu operatora göstərən rejiossor kimi - hadisələri hər tərəfdən göstərirdi. Ta bundan səksəkəli nə görək axı, o da, mən də.
İndi hansı dostu, qohumu dindirsən, dədə-babası ilə bağlı palazın altından rus ordusunun əməlləri çıxır. Bəziləri bir az da şişirdir. Kimin ağlına nə gəldi, rusun üstünə atmağa çalışır. Lakin bircə xoş xatirə danışana rast gəlməmişəm.Varsa da, eşitməmişəm.  Nənəmin danışdıqları  isə, indiyədək eşitdiklərimin ən qərəzsizi idi, hadisələri şişirtməyən təhkiyəçi kimi illərin sınağından keçdi. Axı mən də nağıllara və uydurmalara inanıb qalmaqdansa, elm və kitab oxuyub maarifləndim, ona görə belə deyirəm. 

"Səhranın bəyaz günəşi" filminin qəhrəmanı Suxov isə tam uydurmadır. Belə kələkbazlıqlar keçmişindən qopmuş kütlənin zövqünü oxşayır, sovetləşmiş sənət adamlarının ruhunu sakitləşdirirdi. 

"Yenilməz batalyon" filmi də var. O filmdə də guya bolşevizmi təbliğ eidirlər, amma axırda rus əsgəri gəlib nöqtəni qoyur, silib-süpürüb gedir. 

Belə baxıram ki, rus ordusu ilə bağlı xatirələr bizim "DNA"mıza işləyib. Unudulmayan ordu!. Hələ 20 yanvar gecəsi, Qarabağda törətdiklərini demirəm.

Nənəmin tarixçəsində isə özü kimi təhkiyəçilərdən eşitdiyi 1905-ci il qırğınları, 1804-cü il Gəncə işğalı da vardı. O Gəncədə ki, nənəmin də dolayısı ilə mənsub olduğu tayfanın 12 yaşından yuxarı olan başıpapaqlılarının əksəriyyəti rus əsgəri ilə döyüşlərdə həlak olmuşdu. Sonrası daha maraqlıdır: 12 yaşında oğlanlardan biri tayfa öndəri olmuş, onun soyunu davam etdirənlərdən bir neçəsi isə hətta qatı kommunistə çevrilmişdilər. 
  
Hə, bir də Gəncədə yerləşən 104-cü hava-desant diviziyasının komandiri, genberal Şerbak yadıma düşdü. Müstəqilliyin bərpasının ilk illərində bütün güc nazirliklərini və onların səriştəsiz başçılarını, o cümlədən siyasətçiləri barmağına dolamışdı. Hətta pul müqabilində Xocalını qaytarmağı təklif etmişdi.    

Uydurmaçılıq rus zabitinin fəlsəfəsində var. Ona görə də necə deyərlər, üfüqlərə baxıb irəli gedir. Yeri gələndə isə zərbəni daim arxadan vurmağı da yaxşı bacarır, çünki üfüqlərə qədər adlayıb gəldiyi torpaqlarda onu da arxadan vuran yerlilər çox olur. Məsələn, sən zərbəni Tovuzdan gözləyirsən, amma Xəzərdən gəlir.

Daim yenilənən işğalçılıq ruhu bir gözəl gündə bu "yenilməz batalyon"un axırına çıxacaq, əlbəttə. Onun sıravi əsgəri deyil, arxasındakı zehniyyət məğlubiyyətə məhkumdur. Necə ki, səssiz-səmirsiz və özlərindən sonra coğrafi ərazilərimizdə bizi hələ də qaçqın durumunda qoyub getdilər, tarixin qaranlıq səhifələrində də səssiz-səmirsiz, bayquşların oxuduğu şər vaxtı kimi qalacaqlar... 

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->