Xəbər lenti

Dünya 15:33 26.04.2024

Gürcüstan QHT-ləri xarici agent kimi qeydiyyatdan keçməkdən imtina etdi

Gürcüstanın 126 qeyri-hökumət və media təşkilatı Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında” qanunun tələb etdiyi kimi "xarici gücün maraqlarını güdən şəxslər” kimi qeydiyyatdan keçməkdən imtina edən birgə bəyanat imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (CSF) məlumat yayıb.

Bəyanatda deyilir ki, QHT-lər bu cür qeydiyyatı "ləyaqətin pozulması” hesab edir. İmzalayanlar "Rusiya qanunu” (tənqidçilər sənədi belə adlandırırlar) geri götürülənə qədər hakimiyyətlə "hər hansı formada əməkdaşlığı dayandırırlar” və öz tərəfdarlarını gələn həftə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı ümummilli mitinqə toplaşmağa çağırır.

Bundan əvvəl qanunun birinci oxunuşu ilə bağlı başlayan etiraz aksiyaları zamanı polis 30-a yaxın adamı həbs edib. Onların hamısına 900 dollara yaxın cərimə, bəzilərinə isə 5 sutkaya qədər inzibati həbs cəzası verilib.

Mübahisəli qanuna görə, vəsaitinin 20%-dən çoxunu xaricdən alan QHT və ya media qurumu qeydiyyatdan keçməli və pulun necə xərcləndiyi barədə təfərrüatları açıqlamalıdır. İmtina edənlər 10 min dollara qədər cərimələnə bilərlər, cəriməni ödəməkdən imtina olunarsa, təşkilatın hesablarına həbs qoyula bilər.

Bir gün əvvəl Avropa Parlamenti yerli parlamentin qəbul etdiyi qanun "Avropa dəyərlərinə zidd” olduğundan Avropa Komissiyasına Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini nəzərdən keçirməyi tövsiyə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->