Xəbər lenti

Ekonomiks 12:24 23.01.2024

İcra başçısı Lənkəranda çəltik əkinin inhisara alınması məlumatlarını təkzib edir (YENİLƏNİB)

Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda çəltik əkininin inhisara alınması barədə iddiaları təkzib edib.

İcra başçısı Qaynarinfo ilə əlaqə saxlayaraq, oğlu Samir Qaraşovun adının bu mövzuda hallanmasına etiraz edib.

"Lənkəranda qədim çəltikçilik ənənələrini dirçəltmək, davam etdirmək məqsədi ilə əvvəllər bu sahəyə dəstək üçün qol qoydu, 5-6 il əvvəl isə tamamilə uzaqlaşdı. Övladlarım dövlət qulluğunda çalışırlar. Onların hər hansı biznesi yoxdur. Bu barədə yayılan məlumatlar əsassızdır. Ümumiyyətlə, Lənkəranda bu işlə özəl şirkətlər və iş adamları məşğuldur. Yazıda adıçəkilən düyü markaları da ayrı-ayrı şirkətlərə məxsusdur. ”, - deyə Taleh Qaraşov əlavə edib. 

***
 
Lənkəran İcra Hakimiyyəti də məsələ ilə bağlı açıqlama yayıb. Qaynarinfo açıqlamanı ixtisarla təqdim edir:

"Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, becərmə texnikaları ilə təminat Lənkəran rayonunda sözügedən ənənəvi əkinçiliyin inkişafında lokomotiv rolunu oynayıb. Ötən il Lənkəranda ümumilikdə 832.1 hektar çəltik əkini sahələrindən 2143.1 ton çəltik əldə edilib. Qeyd edək ki, 10-a yaxın inzibati ərazi dairəsi üzrə ayrı-ayrı vətəndaşlara məxsus fərdi təsərrüfatlarda ümumilikdə 353.9 hektar sahədən 1231.3 ton, rayonda fəaliyyət göstərən Beta Firması, "Muğan düyü” MMC, RUZZ MMC, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin Cənub Regional İdarəsinin Lənkəran üzrə Təsərrüfatı və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitunun Lənkəran üzrə Dayaq məntəqəsi ümumilikdə 478,2 hektar sahədən 911.8 ton çəltik əldə edib.

Müqayisə üçün bildirək ki, 2016-cı ildə Lənkəran rayonunda ümumilikdə 308.7 hektar sahədə çəltik əkini aparıldığı halda, 2023-cü ildə bu rəqəm 832.1 hektara, məhsuldarlıq isə eyni dövrlə müqayisədə 768,5 tondan 2143,1 tona yüksəlmişdir. Bütün bunlar təkcə Lənkəranda sosial-iqtisadi inkişafın statistik göstəriciləri deyil, eyni zamanda, dövlətin və dövlət başçısının rayonumuzun dinamik inkişafına göstərdiyi xüsusi diqqətin təzahürüdür.

İddia olunduğu kimi "Besta” düyüsü nəinki Lənkəranda əkilmir, ümumiyyətlə, bu düyü ölkəyə idxal olunur. "Avanqard”, "Meko”, "Qara düyü” çəltik sortları isə vaxtılə ”Muğan Düyü” MMC-də, "Okean” sortu isə fərdi sahibkar tərəfindən istehsal olunub. "Haşimi” sortu isə RUZZ MMC-də və  fərdi sahibkarlar tərəfindən istehsal olunur. 

Lənkəran ŞİH başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun çəltik istehsalı ilə heç bir bağlılğı yoxdur, onun adına çəltik istehsalı ilə məşğul olan hər hansı müəssisə mövcud deyil. Eyni zamanda, Lənkəran rayonunda inhisarçılıqla mübarizə hər zaman xüsusi nəzarət altında saxlanılıb və heç kimin haqqsız və qeyri-sağlam rəqabət əsasında  qazanc əldə etməsinə şərait yaradılmayıb. Bu istiqamətdə aidiyyəti dövlət qurumları hər zaman prinsipial mövqelərini daim ortaya qoyublar".
 
17:04, 22 yanvar

Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir. 

Qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır. 

Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu "Green East" MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul "Avanqard", "Haşimi", "Okean", "Besta", "Meko", "Qara düyü" adları altında satılır. 

İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur. 
 


"Green East" MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır. 

Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü "Made in Azerbaijan" brendi altında yerli və xarici bazarlarda satılır. 

Apardığımız araşdırmaya görə, "Green East" MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub. 
 


30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib. 

"Green East” MMC-nin istehsal etdiyi düyü "Veravul”, "Girdəni”, "Green East" və digər markalarla satışa çıxarılır. 
 


Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan "Cənub Aqro" MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir. 
 


Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir. 

Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb. 

Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.
 
Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?