Dünya 15:52 01.10.2022

İranda ümumxalq tətili başlayır: Səfiyyə Qarabaği həbs edildi (VİDEO)

İranda mağazalar və bir sıra müəssisələr fəaliyyətini dayandırıb. 

Qaynarinfo İran mediasına istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalara dəstək verməkdir. 

Bildirilir ki, tətil İranın əsasən iri şəhərlərində müşahidə edilir. Məlumata görə, yaxın günlərdə nef-qaz sənayesinin işçiləri də tətilə qoşulacaq.
Bəzi mənbələr oktyabrın 9-da dünyanın 120 şəhərində Məhsa Əmininin ölümü etiraz olaraq keçiriləcək aksiyadan sonra İranda ümumxalq etirazlarına start veriləcəyi bildirilir. 

Məlumatlara görə, etirazlar əsasən tətil formasında ola bilər. Artıq buna hazırlıq görüldüyü bildirilir. Bəzi şəhərlərdə mağaza və müəssisələrin qapadılması da prosesin başlanğıcı kimi dəyərləndirilir.

Bundan başqa İranın ali təhsil ocaqlarında aksiyalara qoşulanların sayı durmadan artır. Bu gün Tehran İncəsənət Universitetinin tələbələri etiraza qalxıblar. Onlar aksiyalar zamanı həbs edilənlərin azadlığa buraxılmasını tələb edirlər.

İrandan gələn xəbərlərdə o da deyilir ki, hökumət qüvvələri böhrandan çıxış yolunu tapmaqda acizdir. Hökumət Məhsa Əmininin öldürüldüyünü etiraf etmək və bu cinayəti törədənləri cəzalandırmaq istəmir. Bundan başqa, hakimiyyətdəki mühafizəkar qanad hicab məsələsində heç bir güzəştə getmək niyyətində deyil. Əksinə, hazırda hətta aşağı rütbəli din xadimlərinin səlahiyyəti çatmasa da, əxlaq polisi rolunda çıxış etdiyi bildirilir. Onlar küçərələrdə hicabsız gəzən qadınları saxlayır, onları əxlaq polisinə təslim edir, bəzi hallarda özləri cəzalandırırlar. 

Lakin bütün basqılara baxmayaraq, artıq İran qadınları hicab məcburiyyətini qəbul etmək istəmirlər. 

Bu arada yayılan məlumata görə, gender aktivist, azərbaycanlı fəal Səfiyyə Qarabaği Zəncani həbs edilib. Xanım Zəncani qadın haqları uğrunda ən fəal mübarizə aparanlardan biri kimi tanınır. O, bundan əvvəl də İran xüsusi xidmət orqanları tərəfindən həbs edilmişdi. 

Ekspertlər hesab edir ki, hökumət fəalları həbs etməklə aksiyaların qarşısını alacağını düşünür. Lakin məsələ burasındadır ki, artıq İranda hər bir həbs aksiyaların daha da alovlanmasına və kütləviliyinə səbəb olur.

Seyid