Xəbər lenti

Dünya 18:23 15.04.2024

Mançester terrorunun qurbanları Britaniya kəşfiyyatını məhkəməyə verdi

Amerikalı müğənni Ariana Qrandenin 2017-ci ildə Mançesterdə verdiyi konsertdə 22 nəfərin ölümü ilə nəticələnən terror aktından sağ çıxan 250-dən çox şəxs Britaniya kəşfiyyatına qarşı iddia qaldırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat yayıb

Üç hüquq firmasının vəkilləri Britaniya istintaq səlahiyyətləri tribunalında 250-dən çox müştərinin adından birgə iddia qaldırdıqlarını bildiriblər.

22 may 2017-ci ildə Qrandenin konsertinin sonunda minlərlə gənc fanat məkanı tərk edərkən terrorçu-kakikadze Salman Abedi "Manchester Arena”da bomba partladıb. Çoxu uşaq və yeniyetmə olan 100-dən çox insan yaralanıb. Abedi partlayış nəticəsində ölüb.

Keçən il rəsmi araşdırma Britaniyanın kəşfiyyat xidməti MI5-in əsas məlumatlar üzərində kifayət qədər cəld hərəkət etmədiyini və Britaniyanın son illərdəki ən ölümcül terror aktı olan partlayışın qarşısını almaq imkanını itirdiyini müəyyən edib.

Abedi 2014-cü ildə MI5-nin maraq dairəsində olub, lakin onun işi az riskli olduğu üçün tezliklə bağlanıb.

Hesabatda həmçinin qeyd olunub ki, MI5 zabitlərindən biri Abedi haqqında kəşfiyyat məlumatlarını milli təhlükəsizliyə mümkün təhlükə hesab etdiyini etiraf edib, lakin bunu həmkarları ilə kifayət qədər tez müzakirə etməyib.

Eyni zamanda, MI5-in rəhbəri Ken Makkallum deyib ki, onun rəhbərlik etdiyi qurum terror hücumunun qarşısını ala bilməməsindən "dərin təəssüf hissi keçirir”.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?