Amal Abuşov
İdman 15:24 06.03.2024

Ninqa çıxır, Sorqa girir...

Ölkə çempionatının 24-cü turunda "Sumqayıt” Respublika Stadionunda "Qarabağ” 0:2 hesabıyla məğlub oldu. Azərbaycan futbolunun reallıqlarını bilən, futboldan az-çox baş çıxaran hər kəs üçün bu nəticə normaldır. Çünki "Qarabağ” Azərbaycan çempionatının səviyyəsini çoxdan aşıb, özü də bir neçə dəfə.

"Qarabağ” bu səviyyəyə bircə günün içində yüksəlməyib. Vahid komanda, saat mexanizmi kimi çalışan peşəkar insanların çəkdiyi zəhmətin sayəsində bu gün Azərbaycan təmsilçisi Avropa Liqasının 1/8 final iştirakçıları sırasındadır, Avropanın ən güclülərindən sayılan Leverkuzen "Bayer”ini qısa müddət ərzində ikinci dəfə Bakıya gətirir. Ötən həftə "Qarabağ”ın uğurlarından bəhs edən filmi izlədim. Tarixə bir daha nəzər saldıq, komandanın son 30 ildə yaşadıqlarını bir daha kino lenti kimi izlədik. Eyni zamanda da klub rəhbərliyinin dilindən bu tarixçənin yaddaqalan məqamlarını dinləmiş olduq.

Bütün bunlar biz futbolsevərlərin, eyni zamanda da idmandan yazan jurnalistlərin bildiyi həqiqətlərdir. Heç şübhə etmirəm ki, bu həqiqəti "Sumqayıt”ın baş məşqçisi Samir Abasov da bilir. Dəyərli Samir bəy həm də onu yaxşı başa düşür ki, "Qarabağ”a uduzduğuna görə onu və komandasını qınayan olmayacaqdı. "Qarabağ” bu mövsüm Azərbaycan Premyer Liqasında 19 qələbə qazanıb. Bu 19 məğlubiyyətdən çempionatın iştirakçılarının hamısı öz payını alıb. Amma həmin məğlubiyyətləri hamımız normal qarşılaşmışıq. Heç uduzan komandaların məşqçiləri də bəhanə düşünmək zərurəti hiss etməyib. Son turda "Neftçi” "Qarabağ”a 1:4 hesabıyla uduzdu, özü də doğma meydanda. "Neftçi”nin baş məşqçisi Bojoviç çıxdı dedi ki, "Qarabağ”a təzyiq göstərməyi bacardıqları üçün çox sevinirlər.

Amma Samir Abasov "Qarabağ”a uduzandan sonra heç də Bojoviç kimi davranmamışdı. Əvvəlcə bir sitata diqqət yetirək: "Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər”. "Sumqayıt”ı tanımayan, bilməyən elə düşünər ki, Samir Abasovun çalışdırdığı komanda ötən mövsümkü "Şamaxı” kimi siyasət yeridir, bütünlüklə yerli futbolçulardan ibarət heyətlə oynayır. Lakin Peşəkar Futbol Liqasının rəsmi saytına baxanda görürük ki, Riad Rəfiyevin prezident olduğu "Sumqayıt”ın iştirak ərizəsində Ekvador, Çad, Yaponiya kimi ekzotik futbol ölkələrindən gələn 11 legionerin adı var. Murad Xaçayevlə Mehdi Cənnətov da sonradan azərbaycanlı olublar, yəni ki, "milliləşdiriliblər”. Bu əcnəbiləri "Sumqayıt”a biz gətirməmişik ki, Samir bəy.

Atalarımız "ucuz ətin şorbası olmaz” deyiblər. 11 yararsız legionerdənsə 5-6 normal əcnəbi gətirib, yerlilərə daha çox şans vermək olmazdımı? Diakibinin maaşını önə çəkib, şikayətlənmək heç də uğurlu bəhanə deyil. Lap deyək ki, "Qarabağ”ın legionerlərinin maaşı yüksəkdir. Bəs digərləri? "Sumqayıt” "Turan Tovuz”a doğma meydanda bata bilmədi, qolsuz heç-heçəyə şükr etdilər. Ötən tur "Kəpəz” "Sumqayıt”ın biləyini yeni açılan stadionda bükdü, düz şəhərin mərkəzində. Buna nə deyirsiz, Samir bəy? Gəncə təmsilçisinin də futbolçularının maaşı sizin gəlmələrdən çoxdur? "Kəpəz” avtobussuz piyada yollarda qalmışdı, komandanın heç stadionu da yoxdu. Adil Şükürov sizə yaradılan şəraitə həsədlə baxır. 

"Sumqayıt”ın heyətində Ninqa meydandan çıxır, onun yerinə Sorqa oyuna girir. Amma ortada nə qol var, nə də qələbə. Samir Abasov isə Diakibinin maaşından danışır. Gələn tur "Sumqayıt” "Səbail”lə qarşılaşacaq. Görəsən, "Səbail”in futbolçularının maaşı nə qədərdir?!

Amal Abuşov