Xəbər lenti

Siyasət 18:14 16.01.2024

Prezident Lənkərana səfər etdi (FOTO/YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı "Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

"Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verildi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib.

Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub.

Bildirildi ki, hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur.

Qeyd olundu ki, 2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır.

Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışını edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Lənkəran regional "ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, "ASAN Kafe” yaradılıb.

Dövlət başçısı Lənkəran regional "ASAN xidmət” mərkəzini işə salıb.

Məlumat verilib ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq.

Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, "ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib.

Regionda startapların inkişafını təmin etmək məqsədilə burada "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək.

Burada həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Belə ki, mərkəzlərdə olan "ASAN növbə” terminallarına "Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və "ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "ASAN xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.

Dövlət başçısına Lənkəran "ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə "ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də "ASAN xidmət”in binasının inşası davam etdirilir.

Qeyd edək ki, hazırda ölkədə 26 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran "ASAN xidmət” mərkəzi sayca 27-cidir.

"ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, "ASAN kommunal” mərkəzlərində isə "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir.

Bu il yanvarın 8-dək "ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.

Dövlət Agentliyi "ASAN xidmət” modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub.

Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına yeni penitensiar müəssisə barədə məlumat verib.

Bildirilib ki, ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Burada istintaq təcridxanasında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin, cəzaçəkmə müəssisəsində isə məhkumların məhkəmə hökmünə əsasən müxtəlif rejimlərdə saxlanılması nəzərdə tutulur. Müəssisədə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslər saxlanılacaq ki, bununla onlar öz ailələri ilə daha asan və rahat görüşə biləcəklər.

Kompleksdə kamera tipli 7 korpus inşa olunub və burada hər cür şərait yaradılıb. Məhkumların hüquqlarının etibarlı təmin olunması məqsədilə onların ailələri ilə uzunmüddətli görüş üçün zəruri məişət avadanlığı ilə təchiz edilmiş 19 studio mənzil tipli otaqlar, habelə qısamüddətli görüşlər üçün kabinələr istifadəyə verilib. Burada məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana, televizor otağı, idman meydançası var. Müəssisədə istehsalat sahələri yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.

Diqqətə çatdırılıb ki, saxlanılan şəxslərə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin müasir avadanlıqla və geniş dərman çeşidləri ilə təchiz olunmuş Tibb-sanitar bölməsi fəaliyyət göstərir. Bölmədə kardioloq, stomatoloq, fizioterapevt, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya, ambulator və stasionar şəraitdə müayinə və müalicə otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Kompleksdə saxlanılan şəxslər üçün, həmçinin psixoloq və ibadət otaqları ayrılıb. Eyni zamanda, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx, yeməkxana, habelə sənaye tipli qurğuları olan camaşırxana yaradılıb. Mühafizəni təmin edən əsgərlər üçün ərazidə kazarma, təlim otaqları, qarovul binası, kinoloji mərkəz, avtopark inşa olunub.

Bundan əlavə, məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub, istintaq hərəkətlərinin aparılması, vəkilləri ilə görüşləri üçün zəruri şərait yaradılıb.

Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına müəssisədə quraşdırılmış "ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət platforması nümayiş etdirilib.

Ədliyyə Nazirliyinin innovativ məhsulu olan "ƏN TEZ” Xidməti əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir. Həmçinin əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən "süni intellekt” insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir.

Smart konsepsiyaya əsaslanan "ƏN TEZ” Xidmətində vətəndaşın şəxsiyyəti "Üztanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur.

Bu yeni platforma Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST, habelə "ASAN xidmət” mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq tətbiq edilir.

"ƏN TEZ” Xidmətin Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi məhkumlara, onlarla görüşə gələn vətəndaşlara, eləcə də müəssisənin əməkdaşlarına ədliyyə xidmətlərindən yerində bəhrələnmək imkanı verəcək.

Kompleksin yerləşdiyi ərazidə əməkdaşlar üçün altımərtəbəli 30 mənzilli xidməti yaşayış binası inşa edilib.

Prezident İlham Əliyevə Bakının Umbakı qəsəbəsində yeni istifadəyə verilmiş penitensiar kompleks barədə də məlumat verilib. Bildirilib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi də qarışıq rejimli olmaqla iki zonadan – istintaq təcridxanasından və cəzaçəkmə müəssisəsindən ibarətdir. Təcridxanada təqsirləndirilən şəxslər, müəssisədə isə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar saxlanılırlar. Kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus mövcuddur. Burada məhkumların hüquqlarının daha etibarlı təmin olunması, yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi, asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Bu müəssisələrdə yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların öz ailələrinə yaxın ərazilərdə cəza çəkmələrinə və cəmiyyətə reinteqrasiyasına xidmət edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda "Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

"Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nurlan Nurəliyev dövlətimizin başçısına müəssisədə yaradılan şərait və istehsal olunan məhsullar barədə məlumat verdi.

Bildirildi ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb. İstehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur.

Hazırda müəssisədə 120 nəfər çalışır. Ümumi sahəsi 4900 kvadratmetr olan müəssisənin ərazisində əsas bina, qazanxana, keçid məntəqəsi, yanğın əleyhinə su anbarı, transformator yarımstansiyası inşa edilib. Ərazidə geniş yaşıllıq sahəsi yaradılıb.
12.43
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda "Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

12.24
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11.47
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışını edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11.26
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?