İdman 17:12 29.09.2022

“Qəbələ”nin futbolçusu: “Onun üstünə bilərəkdən çıxmaq fikrim olmayıb”

Millinin heyətinə dəvət almalı, orada oynamaq haqqı olan yerli futbolçularan biri də "Qəbələ”nin üzvü Rövlan Muradovdur. Yığmanın müzakirələrə səbəb olan son siyahısına salınan bəzi futbolçulardansa, Muradova da yer vermək olardı. 
 
Təbii ki, bu həm təcrübə qazanmaq, həm də futbolçuda stimul yaratmaq baxımından vacib məqam olardı. Əslində, Rövlanla danışmağımızın məqsədi təkcə milli deyil, həm də klubundakı çıxışı, komandasının durumu, ab-havanı öyrənmək idi. Premyer Liqanın 7-ci turunda "Sumqayıt”la matçda aldığı qırmızı vərəqəyə görə iki oyunluq cəzalandırılan Muradovun bu məsələyə də münasibətini soruşduq.

O, Qaynarinfo-ya açıqlamasında əvvəlcə qarşıdan gələn 8-ci turda keçirəcəkləri "Səbail”lə oyun haqda danışdı:

"Fasilə yaxşı keçdi. Ab-hava da yerindədir. Ağır oyuna hazırlaşırıq. Bilirsiniz ki, "Səbail” süni meydançada oynayır. Yaxşı, keyfiyyətli, yeni yığılmış komandadır. Onlar da qalib gəlib xallarını artırmaq istəyəcəklər. Biz də əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. Oynamasam da, komandanın yanında olacağam”.

Muradov "Qəbələ”nin hədəfləri haqda bunları söyləyib:

"Çempionat yeni başlayıb. Qarşıda bizi çox oyun gözləyir. Getdikcə, həm məşqçimizin, qəbələsevərlərin, həm də klub rəhbərliyinin istədiyini, bundan da artığını etməyə çalışarıq. Hər komanda, futbolçu istər ki, yüksək yerlər uğrunda oynasın. Kim istəyər ki, aşağı pillələr üçün oynamağı. Hər oyunda maksimum xal toplayıb, Avroliqaya vəsiqə qazanmaq, üçüncülük uğrunda mübarizə aparmaq istəyirik. Bunun üçün həm klub olaraq şəraitimiz, həm də keyfiyyətimiz var. İnşallah birlikdə məqsədimizə çatarıq.

Yarımmüdafiəçi "Sumqayıt”la matçda aldığı qırmızı vərəqədən də danışıb. Rəqibi ilə mübarizədən sonra hakim tərəfindən meydandan qovulan, sonradan İntizam Komitəsinin qərarına əsasən, iki oyunluq cəzalandırılan Muradov baş verənləri belə qiymətləndirib: 

"Oyundan sonra elə bir an oldu ki, Elçin Məsiyevlə üz-üzə gəldik və ondan da soruşdum. VAR olmasaydı, bəlkə də adi oyun epizodu kimi dəyərləndiriləcəkdi. VAR-da iki saniyə məsələsi var. Azaldılır və elə görünür ki, mən bilərəkdən ayağımı atıram. Əslində isə topu görmürəm, sağ ayağım irəli gedir, belədə sol ayağım da avtomatik olaraq açılır. Oyunçunun üstünə bilərəkdən çıxmaq fikrim olmayıb. İnsanıq, ona xəsarət yetirmək istəməzdim. Oyunçunun özünə də üzrhaxlıq etdim. Halını soruşdum. Hər şeyin qaydasında olduğunu dedi. Bilərəkdən heç nə etməmişəm. Hər halda mən belə düşünürəm. Kameraya necə düşüb, müəxəssislər nə düşünürlər, deyə bilmərəm. Fikrim rəqib futbolçunun üstündan tullanmaq idi. Çünki o, sürüşmə fəndi edərkən yerində qaldı. Həmçinin top da tərpənmədi. Top kənara hərəkət etmədi. Əfsuslar olsun, iki oyunluq cəzalandırdılar. Qərar belədirsə, hörmətlə yanaşmaq lazımdır. Daha da möhkəm məşq edib mübarizə aparmalıyıq. Hakimlərin mənə qarşı qərəzli davrandıqlarını düşünümürəm. Hörmətlə yanaşmaq, irəli baxmaq lazımdır”.

Muradov millinin son tsikldəki çıxışı haqda da fikirlərini bildirib. O, yığmada debüt edəcəyi vaxtı səbirsizliklə gözlədiyini deyib: 

"Nəticələr haqda danışmaq hələ mənim üçün tezdir. Çünki debüt etməmişəm, millidə hər hansı oyunum olmayıb. Həm də bu haqda futbol ictimaiyyəti, mütəxəssislər belə qərar verə bilər. Millidə oynamaq istəyimə gəlincə, təbii ki, hər futbolçu bunu istəyər. Çünki yığma qürur mənbəyimizdir. Hamının gözü onda olur. Bizim üçün şərəfdir. Lazım gəlsə, milli üçün canımı da verərəm. Ancaq qismətdir, çağırılmamışamsa, yəqin, hansısa zəifliyim, səhvlərim var. İnşallah gələcəkdə öz oyunumla, qollarımla, ötürmələrimlə fayda verərəm, dəvət alaram”.

Muradov millidə oynaya və özünün daha rahat hiss edə biləcəyi mövqelərdən də danışıb:

"Hücum baxımından hər cinahda oynaya bilirəm. O cümlədən "10 nömrə” kimi də çıxış edirəm. Bu şəkildə həm "Qəbələ”də, həm də aşağı yaş qrupları üzrə yığmada da oynamışam. Mənim üçün rahatdır. Baş məşqçi məni "10 nömrə” mövqeyinə yerləşdirsə, oynaya bilərəm. Sağ və ya sol cinahda da əlimdən gələni edərəm. Hətta bir dəfə "Qəbələ”də Elmar müəllim məni sağ cinah müdafiəçisi kimi də meydana buraxmışdı. Təxminən 50-ci dəqiqədə meydana girdim və həmin mövqedə oynadım. Pis yaxud yaxşı oynamağımla bağlı isə məşqçilər qərar verir. Hansı mövqedə oynadarsa, öhdəsindən gəlməyə çalışaram. Həm də yığma başqa sistemə keçdi deyə bu, mənim üçün daha rahat olar”.

Yarımmüdafiəçi milliyə dəvət almasa da, həvəsdən düşmədiyini söyləyib:
 
"Əslində, dəvət gözləyirdim. Qərar belədirsə, ikiqat artıq çalışmaq, daha çox mübarizə aparmaq lazımdır ki, millinin heyətinə düşəsən”.

Səbuhi Həsənov