Xəbər lenti

Ekonomiks 11:50 16.11.2023

“Rusiyanın bu layihəsi Azərbaycana fayda gətirəcək” - Ekspert

"Tranzit gəlirlərimiz artacaq, biznes çevrələrinin həmin yolda yerləşən ölkələrlə əlaqələri genişlənəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan və Rusiyanın 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair saziş imzalayacaqları barədə Rusiya baş nazirinin birinci müavini Andrey Belousovun dediklərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu layihə ilə bağlı qərar 2015-2016-cı illərdə verilmişdi:

”Hətta Azərbaycan bu yolun tikintisinin əsas oyunçularından biri olmalı idi. Amma ABŞ-da 2016-cı il seçkilərilə Donald Trampın hakimiyyətə gəlməsilə layihəyə qarşı sanksiyalar gücləndirildi və o yarımçıq qaldı. Yəni, indi baş tutacağı gözlənilən layihə heç də yeni deyil. Layihə əsasən Rusiya yatırımları ilə həyata keçiriləcək”. 
 


N.Cəfərli vurğulayıb ki, Azərbaycana layihənin həyata keçməsi üçün əlavə vəsait qoymağa ehtiyac olmayacaq:

”Rəşt-Astara dəmir yolu xəttinin işə düşməsilə Fars körfəzindən Baltik dənizini birləşdirəcək, "Cənub-Şimal” dəhlizinin Azərbaycan üzərindən keçməsi baş tutacaq. Bu da daha rahat və sürətli dəmiryolu qovşağının yaranması demək olacaq. Hazırda İran və Rusiyaya qarşı sanksiyaların olması digər ölkələrin bu koridora qoşulmasına müəyyən çətinliklər yaradır. Amma bu daimi olaraq belə olmayacaq. Gec-tez, koridor tam gücü ilə fəaliyyətə başlayana qədər, dünyanın da bu məsələyə baxışının dəyişməsi mümkündür. Bu halda digər ölkələr də prosesə qoşulacaq ki, nəticədə Azərbaycana daha çox xeyir gətirəcək. Çünki üzərindən yolların keçəcəyi əsas ölkə Azərbaycandır. Bununla tranzit gəlirlərimiz artacaq. Düzdür, fantastik gəlirlər olmayacaq. Hər bir halda bu göstərici artacaq”.
Ekspert hesab edir ki, Azərbaycanın biznes çevrələri də həmin yol vasitəsilə İran, Rusiya və Fars körfəzini Baltik dənizinə bağlayacaq digər ölkələrin iştirakı fonunda öz gəlir və iştirak paylarını artıra bilərlər".

Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında Moskva və Bakının 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayacaqlarını bildirib:

"Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yükdaşımaların əlavə artımı ilə tam istifadəyə veriləcək. Başlanğıc üçün ildə 15 milyon ton yük daşınması mümkün olacaq”.

Xatırladaq ki, mayın 17-də Rusiya və İran "Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?