Xəbər lenti

Ölkə 16:20 19.04.2024

"Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İttihamda deyilir ki, L.Süleymanova "BMW” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq "VAZ 21011” markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən "VAZ”ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb.

L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib.

Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüquqi varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəlil, sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən ona törətdiyi cinayətə görə sanksiya həddində cəza təyin edilməlidir.

Hökmə əsasən, L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->