Xəbər lenti

Dünya 15:45 16.04.2024

Vaşinqtonun fərqli maraqları və böhrana sürüklənən Ukrayna (ŞƏRH)

"ABŞ-ın siyasəti İsraillə İran arasında müharibənin başlanmasına yol verməməyə yönəldiyi halda, Ukrayna məsələsində münaqişənin uzanması və Rusiyanın gücdən salınmasına doğru istiqamətlənib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Ukraynaya İsraildə olduğu kimi hava hədəflərini vurmağa kömək etməyəcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
 
Arif Əliyev bildirib ki, bu açıqlama ABŞ-ın Ukrayna və İsrailə fərqli münasibəti kimi qiymətləndirilə bilər:

"Amma hər iki halda Vaşiqnton eyni meyardan çıxış edir. Bu da ABŞ-ın özünün maraqlarından irəli gəlir. Həmin maraqlar bir halda, yəni İsraillə İran arasında müharibənin başlanmasına yol verməməyə yönəlibsə, ikinci halda, yəni Ukrayna məsələsində isə münaqişənin hələ də uzadılması və Rusiyanın gücdən salınmasına doğru yönəlib. Əlbəttə ki, İsraillə Ukrayna məsələsinə ABŞ-ın fərqli yanaşmasına təsir edən digər faktlar da mövcuddur".
 


Həmsöhbətimizə görə, Ağ Ev Ukrayna məsələsində daha çox Avropanın fəallaşmasında maraqlıdır:
 
"Vaşinqton İsrail məsələsində mövqeyi Yaxın Şərq zonasını bütövlükdə öz təsiri altında saxlamağa yönəldiyi halda, digər halda Ukrayna Rusiya münaqişəsində isə daha çox Avropanın fəallaşmasını istəyir. Bu əsasda da Avropadan Ukraynaya dəstək üçün daha ciddi addımlar atmasını tələb edir".

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukraynaya İsraildə olduğu kimi hava hədəflərini vurmağa kömək etməyəcəyini bildirib. "Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhlükə mənzərəsi", deyə o, əlavə edib. 

Xatırladaq ki, ABŞ rəsmisinin həmin açıqlamasından bir qədər öncə Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonu İsrailə hava məkanının müdafiəsi sahəsində verdiyi dəstəyi Kiyevə münasibətdə də göstərməyə çağırıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?