Xəbər lenti

Sənət 12:06 23.04.2024

Yeddi "qardaş"dan üçünün 54 ildən sonra görüşü - ölənlər ölüb, qalanlar isə...

"Biz 7 qardaş idik. Onlardan 4-ü ölüb, cəmi 3 nəfər qalmışıq. Onların hər biri dünyasını dəyişəndə elə bilirdim ki, doğma qardaşım ölüb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rafiq Əzimov "7 oğul istərəm" filminin aktyorlarının uzun zamandan sonra görüşündən danışarkən deyib. 

Aktyorun sözlərinə görə, bu dəfə onları bir araya gətirən araşdırmaçı jurnalist Vasif Ayanın qələmə aldığı "Ənvər Həsənovun xatirələrim” adlı kitabının təqdimatı olub:

"Biz orada görüşdük. Bizim tez-tez görüşlərimiz olur. Amma Ənvər müəllimlə görüşümüz hər vaxt baş tutmur. Ənvərlə görüş lap yerinə düşdü, onu  çoxdandır görmürdüm, xəstədir, bu görüşə sevindim. Öz səhhətim də hələ qaydasına düşməyib. Əl ağacından tutub birtəhər gəzirəm. Teatra gedirəm, amma tamaşalarda oynamıram. Eşidəndə ki, Ənvər müəllim orada olacaq dedim ki, ölsəm də getməliyəm".

Xalq artisti Ənvər Həsənov da həmin görüşdən məmnun qaldığını bildirib:

"Xeyli müddət idi ki, onları görmürdüm. Kitab təqdimatı idi. Baxdım ki, həmkarlarım da burdadır. Düzü, onları görəndə kövrəldim, 7 qardaş idik, 4-ü daha həyatda yoxdur. Onlar ölüb, biz qalmışıq. "7 oğlu istərəm" filmindən sonra onlarla eyni filmdə çəkilməmişik. Amma bu film tam başqadır. Xəstə olduğumdan çox görüşlərə gedə bilmirəm. Səhhətim imkan vermir. Həyatdır da, birtəhər yaşayırıq". 

Qeyd edək ki, bu günlərdə Nizami Kino Mərkəzində Xalq artisti Ənvər Həsənovun kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda "7 oğul istərəm" filminin aktyorları - Rafiq Əzimov (Şahsuvar), Ənvər Həsənov (Cəlal) və Şeyx Əbdül Mahmudbəyov (Qasım) 54 ildən sonra bir araya gəlib.  "7 oğul istərəm" filmi 1970-ci ildə çəkilib. "Qardaşlar"dan Həsən Məmmədov (Bəxtiyar), Elçin Məmmədov (Mirpaşa), Şahmar Ələkbərov (Qəzənfər) və Ələsgər İbrahimov (Zalımoğlu) vəfat edib. 
 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->