İdman 15:52 15.01.2024

Ağır qəza keçirən PFL əməkdaşlarının vəziyyəti necədir?

"Elxan müəllimin müalicəsi Türkiyədə davam edir. Artıq əməliyyatlar bitib”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayev deyib. 

Ötən ay PFL-in idarə heyətinin bir neçə üzvünün keçirdikləri ağır yol qəzasından sonra hazırda son durumun nə yerdə olduğunu bildirən Abdullayev müalicə alanların səhhətinin müsbətə doğru getdiyini deyib.

"Hazırda reablitasiya mərhələsindədirlər, amma hələ ki, müalicələri asta-asta davam edir. Elxan müəllim özünü yaxşı hiss edir. Bərpa üçün müəyyən müddət lazımdır. Yəqin ki, ən azı yanvarın sonuna qədər Türkiyədə qalacaq. Aslan müəllimin yarasının tikişləri artıq sökülüb. Gündə təxminən bir-iki saat fizioterapeya keçir. Gün ərzində 15-20 dəqiqə oturaq vəziyyətə imkan verirlər. İstər Elxan, istərsə də Aslan müəllim özünü yaxşı hiss edir. Mütəmadi olaraq onlarla əlaqə saxlayırıq. Müəyyən tapşırıqlar, tövsiyələr verirlər, iş sistemi davam edir. Təbii, çalışırıq ki, yormayaq, amma şikayət etmirlər”.

Qurumun sözçüsü özü də işə çıxdığını söyləyib: "Durumun yaxşıdır, artıq dördüncü gündür ki, işə çıxıram. Qoltuq ağacının birini kənara qoymuşam. Sol ayağımı hələ bir-iki həftə gözləməliyəm. İki həftədən sonra rentgen edəcəklər, daha sonra qoltuq ağacından istifadəyə ehtiyac olub-olmadığını deyəcəklər”.

PFL əməkdaşları dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində avtoqəzaya düşmüşdülər. Qəza nəticəsində altı nəfər xəsarət almışdı.

Səbuhi Həsənov