Xəbər lenti

İdman 14:14 18.01.2024

Azər Bağırov: “Bu, o demək deyil ki, əlimizi aşağı salacağıq”

Qış fasiləsində hazırlığı Azərbaycanda keçirməyə üstünlük verən komandalardan biri də "Araz-Naxçıvan" oldu. Azər Bağırovun baş məşqçisi olduğu kollektiv mövsümün qalan hissəsi üçün təlim-məşq toplanışını Qəbələyə daşıdı. Artıq komanda əsas hazırlıqları başa vurub və qarşıdan gələn, "Qarabağ"la matça köklənib.

Bağırov Qaynarinfo-ya açıqlamasında toplanışı dəyərləndirib.

"Hər şey qaydasında gedir. Zədəli futbolçularımız - Orxan Əliyevlə İsmayıl Azzaoui demək olar sağalıb. Bugündən Orxan, sabahdan isə İsmayıl məşqlərə başlayacaq", deyə baş məşqçi bildirib.

"Araz-Naxçıvan” hələ ki legioner transferi həyata keçirməyib. Mütəxəssis bu haqda düşündüklərini deyib:

"Hələ ki, bir yerli futbolçu - İldar Alekberovu icarəyə götürmüşük. Digər yerli futbolçu ilə də anlaşmışıq, bu gün yekun vurulacaq. Hücum mövqeyinə bir legioner futbolçu almaq istəyirik. Sadəcə, qış vaxtı legioner tapmaq çox çətindir. Axtarışlarımız davam edir. Hər şey mümkündür. İstədiyimiz keyfiyyətdə və qiymətdə oyunçu olsa, cəlb edəcəyik. Oyunçu gətirmək xətrinə kimisə almaq niyyətində deyilik. Komandaya uyğun adam gətirmək istəyirik".

Məşqçi mövsümlə bağlı hər şeyə nikbin baxdıqlarını bildirib:

"Hər şeyə nikbin baxırıq. Yenə də zaman göstərəcək. Bir və ikinci dövrəni komanda pis keçirməyib. İnşallah, böyük problemlərlə üzləşmərik. Çox komandalar transfer edib, gücləniblər. Bu, o demək deyil ki, əlimizi aşağı salacağıq. Oyunumuza rəng qatmalıyıq və sürəti artıracağıq. Taktika, üslub baxımından yüngülvari dəyişikliklər olacaq. İstər-istəməz bu müddətdə çalışmalarımız oldu. İstərdik ki, qış tətili komandaya effektli təsir etsin. Bir qələbə ilə üç-dörd pillə yuxarı qalxmaq olar. Məğlub olsan da belə böyük itki sayılmır və hər şeyi geri qaytarmaq mümkündür".

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?