Xəbər lenti

İdman 12:34 13.11.2023

Azərbaycanlı futbolçunun komanda yoldaşı meydanda öldü (VİDEO)

Qana millisinin sabiq futbolçusu Rafael Dvamena dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, "Eqnatiya" - "Partizani" matçında qəfil yerə yıxılan Dvamena infarkt keçirib. Bu barədə Qana Futbol Assosiasiyası (GFA) məlumat yayıb və futbolçunun ailəsinə başsağlığı verib. 

GFA prezidenti Kurt Edvin Simeon-Okraku açıqlamasında, "O, ölkəsinə yaxşı xidmət etdi və Qana millisində özünü yüksək səviyyədə göstərdi. Bu xəbəri qəbul etmək çətindir. Hazırda onun ailəsinə ən xoş arzularımızı göndəririk" - sözlərini söyləyib.

Dvamena bu mövsüm Avropa Konfrans Liqasının seçmə matçları da daxil olmaqla ümumilikdə 12 qol vurub. O, yanvar ayında İsveçrə təmsilçisi "BSC Old Boys"dan Albaniya komandasına qoşulmuşdu. O, həmçinin "Levante", "Sürix" və "Saraqosa" kimi komandalarda oynayıb.

2017-ci ilin iyununda Qana millisində debüt edən futbolçu həmin matçda iki qol vurmuşdu. O, ümumilikdə millinin formasını səkkiz dəfə geyinib.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli də hazırda "Eqnatiya"da çıxış edir. Vüsal bu ilin yayında "Sumqayıt"dan Albaniya komandasına transfer olunub.


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->